Rusiyaya qarşı sanksiyaların tətbiqi 2018-ci ildə də davam edəcək. Bu sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsirləri olacaq.
Teleqraf.com xəbər verir ki, deputat Asim Mollazadə bu fikirləri ABŞ və müttəfiqlərinin Rusiyaya tətbiq etdiyi sanksiya və onun mümkün nəticələrindən danışarkən deyib.
Politoloqun sözlərinə görə, Rusiyanın Ukraynada son addımları, münaqişə ocağına beynəlxalq müşahidəçiləri dəvət etməsi göstərir ki, o, güzəştə gedərək sanksiyalardan xilas olmaq istəyir:
“Ancaq mənim qənaətimcə, proses davam edəcək. Rusiyanın Suriyada hərbi baza qurması və İrana da baza qurmaq imkanı yaratması, bundan başqa, İrana dəstək verməsi kimi məqamlar bu sanksiyaların davam etməsini şərtləndirir. Yaxın müddətdə Rusiyanın Qərb sanksiyalarını aradan qaldıran addımlar atacağına inanmıram.
Sanksiyalar rus iqtisadiyyatına və Rusiyanın mövcud siyasi elitasına mənfi təsir göstərəcək”.
Asim Mollazadə hesab edir ki, 2018-ci ildə Rusiyaya əlavə sanksiyaların tətbiqi də mümkündür:
“Bu, o zaman olar ki, Rusiya hansısa növbəti səhvə yol versin...”