İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycanla İsrail arasında siyasi, hərbi-texniki əlaqələrin yüksək səviyyədə olduğunu vurğulaması Ermənistanın son dövrlərdə iki ölkə arasında münasibətlərin korlanması istiqamətində apardığı işlərə cavabdır.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, erməni lobbisi və Ermənistan hakimiyyəti ABŞ-da və Avropada İsrailin Azərbaycanla hərbi-texniki əməkdaşlığa son verməsi istiqamətində ciddi iş aparır:
“Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyanın iki ay öncə İsrailə səfəri məhz Tel-Əvivin Azərbaycan siyasətinin qarşısını almağa hesablanmışdı. Ermənistan hakimiyyəti Azərbaycanın bu ölkə ilə təhlükəsizlik, terrorizmə qarşı mübarizə və müdafiə sənayesi sahəsində uğurlu əməkdaşlığından ciddi əndişə keçirir. Sirr deyil ki, Rusiyanın Ermənistana verdiyi və Azərbaycan üçün çəkindirici faktora çevrilən “İsgəndər-M” taktiki-operativ raket kompleksini Azərbaycan məhz İsraildən aldığı “Barak” və “Dəmir günbəz” havadan müdafiə sistemləri vasitəsilə neytrallaşdırıb. Beləliklə də Azərbaycan Ermənistanın bu hərbi siyasətini uğursuzluğa düçar edib”.
M.Əsədullazadə bildirib ki, regionda hərbi aqressiyanın artması fonunda Azərbaycanın Ermənistanın təxribatlarına qarşı İsraillə birgə havadan müdafiə sisteminin qurulması artıq zərurətə çevrilib:
“Çünki Ermənistan hərbi-siyasi hakimiyyəti daim Bakı-Tiflis-Ceyhan əsas neft kəmərini raketlə vuracağını vurğulayır. İsrail isə Ceyhan limanında Azərbaycan neftinin əsas alıcısıdır. Aviqdor Libermanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Qarabağ probleminin həllində Bakının yanında olduqlarını vurğulaması İsrailin Ermənistana və erməni lobbisinə daha bir mesajıdır. Onu da bildirim ki, Aviqdor Liberman Azərbaycanın İsraildə əsas lobbiçisidir və bu ölkədə erməni lobbisinə xidmət edən bəzi mərkəzlər əleyhinə sərt mübarizə aparır”.