Türkiyə elə dövlət deyil ki, hər an hansısa bir dövlət daxildən müdaxilə edib onu sarsıda bilsin.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Rusiyalı politoloq, ictimai xadim, filosof, neoavrasiyaçı ideoloq Aleksandr Duqinin fikirlərinə münasibət bildirən Q.Hüseynli qeyd edib ki, Türkiyənin siyasətindəki müəyyən yanlışlıqların aradan qaldırılmasına ciddi ehtiyac olduğu başqa məsələdir:
“Məsələn, Duqin vəziyyətdən çıxış yolu kimi Rusiya-Türkiyə-İran-Çin birliyinin möhkəmləndirilməsini ön plana sürür. Bunu guya Türkiyəni təhdid edən təhlükədən qorunmağın yeganə vasitəsi hesab edir. Amma mən başqa cür fikirləşirəm. Hesab edirəm ki, Türkiyə NATO ilə əlaqələrini daha da sıxlaşdırmalıdır. Türkiyə-ABŞ münasibətlərinin daha da istiləşməsi üçün maksimum səy göstərmək lazımdır. Bir Fətullah Gülən hadisəsinə görə ABŞ kimi nəhəng dövlətlə münasibətləri pozmaq və yeri gəldi-gəlmədi Donald Trampın, ABŞ-ın ünvanına kəskin tənqidlər söyləmək məncə, Türkiyənin maraqlarına o qədər də cavab verən addımlar deyil”.
Q.Hüseynli bildirib ki, artıq Türkiyənin özündə də yürüdülən siyasətlə bağlı ciddi əndişələr var:
“Baş nazirin keçmiş müavini Bülənd Arınc etirazını bildirir. Keçmiş prezident Abdulla Gül yürüdülən siyasətlə bağlı fərqli mövqedə dayandığını bəyan edir. Üstəlik, AKP-nin öz içərisində susan, bildiklərini üzə vurmayan insanların sayı getdikcə artır. Belə olan təqdirdə dayanmadan qarşı tərəfləri, qonşu dövlətləri və NATO-nun onurğa sütunu olan ABŞ-ı tənqid etmək heç də düzgün siyasət deyil. Zənnimcə, Türkiyə hələ o vəziyyətə gəlməyib ki, Ankaraya necə davranacağı, necə siyasət yürüdəcəyi barədə öyüd-nəsihət verəsən”.
Q.Hüseynli daha sonra deyib:
“Türkiyənin min illik dövlətçilik təcrübəsi var. Böyük imperiya olub, dünyanın böyük bir hissəsinə nəzarət edib. Bu gün də həmin dövlətçilik ənənələri yaşamaqdadır. Amma əlbəttə müəyyən münasibətlərin düzəldilməsinə, münasibətlərdə ardıcıllığın qorunmasına, xüsusən Atatürkçü mövqedən möhkəm yapışılmasına ciddi ehtiyac duyulduğu qənaətindəyəm. Son zamanlar Türkiyədə islama geniş meydan açılması ziyalılarda əndişələr yaratmaqdadır. Amma Türkiyəyə təhdidlər məsələsinə gəldikdə, bir daha demək istəyirəm ki, bu ölkə dünyanın sənayecə inkişaf etmiş 13-cü ölkəsidir. Güclü ordusu var, xalqı vətənpərvərdir. Yeri gələndə, hər hansı təhlükəyə qarşı bir anda səfərbər olmağı bacarandır. Ona görə də Türkiyəyə qarşı hər hansı təhdid yaxşılıqla sonuclanmayacaq”.
Qeyd edək ki, A.Duqin ABŞ-ın Türkiyəni də İran kimi içəridən qarışdırmaq niyyətində olduğunu bildirib. O qeyd edib ki, ABŞ-da Rza Zərrab işi də buna hesablanıb.