Xarici İşlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində əvvəlcə erməni həmkarı ilə təkbətək görüşüb, sonra həmsədrlər də onlara qoşulub. Bu, həmsədrlərin köhnə taktikasıdır – əvvəlcə tərəfləri baş-başa buraxır, onlar ürəklərini boşaltdıqdan sonra danışıqlara qatılırlar.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, E.Məmmədyarovun görüşdən sonra verdiyi açıqlama maraq doğurur:
“Nazir deyib ki, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb. Gəlin, indi baş sındıraq; 25 ildə hər bir detalın öyrənildiyi və müzakirə edildiyi danışıqlarda hansı boşluq qalıb ki, yeni və maraqlı təklif üçün də yer qalsın. Elmar Məmmədyarovdan fərqli olaraq Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyandan həmsədrlərin “kreativ təklifləri” barədə açıqlama eşitmədim. Tam əksinə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin görüşdən əvvəl Azərbaycanın əleyhinə demədiyi söz qalmadı, Bakını danışıqları pozmaqda ittiham etdi”.
E.Şahinoğlu əlavə edib ki, bəlkə də həmsədrlər nəsə “kreativ təklif” irəli sürüblər, ancaq erməni nazirin ritorikasında dəyişən bir şey yoxdur.