Hazırda danışıqlar prosesində müəyyən intensivlik, konkret və məntiqi axar hiss olunur.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransa parlamentinin “Le Journal Du Parlement” jurnalına müsahibəsində deyib.
"ATƏT-in Minsk qrupu tərəfindən aparılan sülh prosesini necə görürsünüz" sualına cavab olaraq nazir bildirib:
"Suala qısa cavab təəssüf ki, nəticənin olmamasıdır. Belə ki, 25 ildən artıq fəaliyyət nəticəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmayıb. Minsk qrupu həmsədrlərinin mandatına dair sənəddə təsbit olunub ki, onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutmalıdırlar. Minsk qrupu tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən, 853 saylı BMT Təhlükəsizlik Şurasının xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair Təxirəsalınmaz addımlar barədə fəaliyyət planı hazırlanıb və təsdiq olunub. Amma indiyə qədər onun icrası təmin olunmayıb.
Nəzərə almaq lazımdır ki, Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və BMT Nizamnaməsinə əsasən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına məsuldurlar.
Bir faktı xatırlatmaq istərdim. 2014-cü ilin noyabrında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Görüşdə konkret məsələlər ətrafında müzakirələr aparıldığı halda, Ermənistan tərəfi görüşdən dərhal sonra Azərbaycanın işğal olunmuş ərazilərində 40.000 nəfərdən artıq şəxsi heyətin iştirakı ilə hərbi təlim keçirərək təxribata əl atdı və danışıqları pozmağa çalışdı.
Minsk qrupunun həmsədr ölkələrinin münaqişənin həlli istiqamətində səylərini dəstəkləyirik, amma daha qəti və təsirli addımların atılmasına ehtiyac var. Birgə səylərlə münaqişənin mərhələli şəkildə həllinin yol xəritəsi müəyyən olunub.
Odur ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri mövqelərində davamlılıq göstərərək Ermənistanın danışıqları pozmasına imkan verməməli, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidirlər. Bu halda danışıqların gedişində irəliləyişə nail olmaq mümkündür.
Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə bu istiqamətdə səyləri davam etdirəcəkdir. İşğala və bir milyondan artıq vətəndaşı etnik təmizləməyə məruz qalmış tərəf kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf Azərbaycandır.
Bu xüsusda, biz ümid edirik ki, Paris Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində fəal şəkildə iştirak etməkdə davam edəcəkdir. Həqiqətən münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri əsasında həll edilməsi Cənubi Qafqazda davamlı inkişaf və hərtərəfli regional əməkdaşlıq üçün zəmin yaradacaqdır. Bundan təkcə region ölkələri deyil, Avropadan olan tərəfdaşlarımız, o cümlədən Fransa da faydalana biləcək".
O bildirib ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və fiziki baxımdan Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycanın və regionun sülh və təhlükəsizliyi üçün ən ciddi təhdiddir.
Nazir deyib ki, İkinci Dünya müharibəsində Almaniya və Fransa arasında olduğu kimi, işğal olunmuş ərazilərdə qoşunların təmas xətti boyunca səngərlər qazılıb və əsgərlər üzbəüz dayanıblar:
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsasını hərbi təcavüz və işğal faktı təşkil edir. 80-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan və terror əməlləri ilə müşayiət olunan aqressiv separatizm SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü formasını aldı. Hərbi güc tətbiq edərək Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edərək bir milyondan artıq Azərbaycanlıya qarşı etnik təmizləmə törətdi. Aqressiv separatizmin vaxtında qarşısının alınmaması, ikili münasibətlərin göstərilməsi nəticə etibarilə bu gün yaşadığımız faciəyə yol açdı. Ona görə də bu gün Avropada da baş qaldıran separatizm meyllərinə qarşı ciddi tədbirlər görülməli və onların qarşısı alınmalıdır. Separatizmin bütün forma və təzahürlərinə qarşı qəti və birmənalı mövqe olmalıdır".
Nazir əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnaməsi beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı işğalçılıq əməllərinə verdiyi qəti və birmənalı mövqeyidir: "Qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu bir daha təsdiq olunur, işğalçı qoşunların bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd şərtsiz çıxarılması tələb olunur. Bu qətnamələr Fransanın da daxil olduğu ATƏT Minsk Qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edir. Münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalı və hərbi risk amili aradan qaldırılmalıdır”.
O qeyd edib ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir və davamlı şəkildə müxtəlif istiqamətlər üzrə inkişaf edir:
"Biz eləcə Avropa İttifaqında əsas tərəfdaşlarımızdan olan Fransa ilə beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq. Bu xüsusda, Fransa ilə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı məsələsində təmaslarımız çox vacibdir. Bizim gündəliyimizə ikitərəfli əlaqələr və regional təhlükəsizlik məsələləri üzrə davamlı dialoq, ticarət, iqtisadiyyat, sərmayələr üzrə böyük layihələr, regionlararası fəal əməkdaşlıq daxildir. Biz həmçinin, elm, təhsil, mədəniyyət kimi müxtəlif sahələrdə əməkdaşlıq edirik. Azərbaycan Fransanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. Azərbaycan həmçinin fransız dilinin tədrisi üzrə regional mərkəzdir".
E.Məmmədyarov xatırladıb ki, rəsmi Bakı Avropa İttifaqının noyabrın 24-də Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" Sammitinin uğurla nəticələnməsində Parisin konstruktiv mövqeyini və töhfələrini təqdir edir: "Yekun bəyanatda digər Şərq Tərəfdaşlığı ölkələri kimi Azərbaycanın da ərazi bütövlüyü və suverenliyi təsbit olunub və Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə əldə olunan nailiyyətlər qeyd olunub.
Azərbaycan dünyəvi müsəlman dövləti olaraq Avropa və Asiya, Avropa və İslam dünyası arasında dialoq və əməkdaşlıq körpüsüdür. Azərbaycan bütün region üçün sabitlik və təhlükəsizlik amili olaraq, ekstremizmin qarşısının alınmasında mühüm rola malikdir. Qeyd etdiyimiz kimi, Azərbaycan eyni zamanda inkişaf amilidir, belə ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr qitələri birləşdirir, Asiya, Qafqaz və Avropa boyunca yeni iş yerlərinin açılmasına xidmət edir. Biz ümidvarıq ki, Avropa İttifaqı və üzv dövlətlər Azərbaycanın regionda və dünyada oynadığı vacib rolu yaxşı başa düşürlər".
Nazir bildirib ki, Azərbaycan yürütdüyü çoxistiqamətli, tarazlaşdırılmış və müstəqil xarici siyasəti sayəsində regional əməkdaşlıq mərkəzi rolunda çıxış edir:
"Qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan-İran-Rusiya formatında olan əməkdaşlığı şərtləndirən vacib layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu layihə 3 ölkənin dəmir yolu sisteminin birləşdirilməsi ilə Hind okeanından Şimal Avropaya doğru yeni, effektiv və əlverişli nəqliyyat dəhlizinin yaradılmasını özündə ehtiva edir. Azərbaycan qonşu və strateji tərəfdaş ölkələr olan Gürcüstan və Türkiyə ilə Şərq-Qərb nəqliyyat dəhlizini inkişaf etdirir və bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 2017-ci ildə işə düşməsi çox sevindirici haldır. Avropa İttifaqının da təcrübəsi göstərir ki, dəmir yolları yalnız infrastruktur olmayaraq xalqların rifahına, insanlararası təmasların artmasına və mədəniyyətlər, sivilizasiyalararası dialoqun gücləndirilməsinə töhfə verən ciddi vasitədir”.