Türkiyə və Amerika müttəfiqdir. Sözsüz ki, iki müttəfiq ölkə arasında münasibətlərin əməkdaşlıq və birgə siyasət formasında davam etməsi arzuediləndir.
Bunu Teleqraf.com-a DİP sədri, deputat Asim Mollazadə ABŞ-Türkiyə münasibətlərinin mövcud durumunu şərh edərkən deyib.
Onun sözlərinə görə, Vaşinqton ilə Ankara arasında müşahidə edilən fikir ayrılıqlarının kökündə ABŞ-ın Suriyadakı kürd qruplarını silahlandırması durur:
“Kürd qruplaşmaların bir neçəsi demək olar ki, PKK-nın Suriya uzantısıdır. Əsas fikir ayrılığı ilə paralel olaraq Ankara öz sərhədləri yaxınlığında terror qruplarının fəaliyyətinin qarşısını almağa start verib. Bu terror qrupları ABŞ tərəfindən silahlandırılıb və sonda bu silahların bəziləri Türkiyə ərazisində də istifadə edilib. Odur ki, hazırda türk ordusunun Suriya ərazisində keçirdiyi tədbirlər antiterror əməliyyatı kimi qiymətləndirilməlidir. ABŞ da Türkiyənin öz təhlükəsizliyini müdafiə etməsini normal qarşılamalı, müttəfiqinə hər cür dəstək verməlidir. Müttəfiqlər arasında başqa cür münasibət ola bilməz. Türkiyəyə qarşı təhlükələr var və bu təhlükəni aşmaqda NATO müttəfiqləri birmənalı Ankaranı dəstəkləməlidir ”.
Asim Mollazadənin fikrincə, ABŞ kürd qruplarını Suriya müharibəsində istifadə etdiyinə görə, Türkiyəyə birmənalı dəstək verməkdə çətinlik çəkir: “Ancaq Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün istənilən addımı atmağa hazırdır və qadirdir. Əminəm ki, güclü dövlət olaraq Türkiyə özünü müdafiə edəcək”.
Politoloq hesab edir ki, ABŞ öz müttəfiqi olan Türkiyənin yanında olmalıdır: “Başqa yol yoxdur. Bunun üçün ABŞ hansısa taktiki uğura görə bölgədə ən güclü müttəfiqini itirməməlidr. Hesab edirəm ki, Tillersonun Ankara səfəri bu baxımdan əhəmiyyətlidir. Bu səfər zamanı zəruri fikir mübadiləsi aparılıb, verilən qərarlar da müttəfiqlik münasibətlərinin bərpasına xidmət edəcək”.
Müsahibimiz qeyd edib ki, əslində ABŞ Müdafiə Nazirliynin Türkiyə ilə münasibətləri hər zaman müsabət olub. Onun sözlərinə görə, son illər istisna olmaqla Türkiyə ABŞ-la bütün müharibələrdə birgə olub. Eyni zamanda Türkiyəyə qarşı müvafiq erməni qrupları Konqresdə, Ağ-Evdə, Dövlət Departamentində öz siyasətini aparmağa çalışır. Amma Türkiyə bölgədə ABŞ-ın ən mühüm və ən strateji müttəfiqidir. Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələrdi. Bu baxımdan ABŞ-ın Türkiyənin maraqlarına cavab verən siyasət qurması daha gözləniləndir”.