Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı 7 namizəd namizədliyinin qeydə alınması üçün tələb olunan imza vərəqələrini və digər zəruri sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
Bunu MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar Quliyev jurnalistlərə deyib.
İşçi Qrupun rəhbəri qeyd edib ki, martın 12-də saat 18:00-a qədər namizədlər namizədliyin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri sənədləri MSK-ya təqdim etməlidirlər.
E.Quliyev deyib ki, namizədin qeydə alınması üçün zəruri seçki sənədləri İşçi Qrup tərəfindən araşdırılır. O bildirib ki, bu proses davam edir: “MSK imzaların yoxlanılması prosesini açıq elan edib. Yəni kim istəyirsə, imzaların yoxlanılması prosesi ilə tanış ola bilər”.
KİV nümayəndələri MSK-da prezidentliyə namizədlərin təqdim etdiyi seçici imzalarının yoxlanılması prosesi ilə tanış olublar. Bildirilib ki, bundan öncə də siyasi partiyaların nümayəndələri, namizədin səlahiyyətli nümayəndələri prosesi izləyiblər./Trend/