LDPR lideri Vladimir Jirinovski siyasətdən getməsi ilə bağlı jurnalistlərin proqnozlarını şərh edib. 2018-ci il seçkisində səslərin 5.65%-ni toplayan partiya sədri siyasəti prezident olaraq, daha doğrusu, Rusiyanın ali hökmdarı kimi tərk edəcəyini dilə gətirib.
Teleqraf.com xəbər verir ki, Jirinovski özünün vida sözünü 2035-ci il mayın 1-i üçün hazırlayıb. O vaxt onun 90 yaşı olacaq.
Jirinovski deyib ki, onun rəhbərliyi altında Rusiya dünyanın ən qüdrətli dövlətinə çevriləcək. Lakin o zaman ölkədə siyasi sitem dəyişəcək. Əsas orqan Dövlət Şurası olacaq, Şuraya isə o - Ali hökmdar başçılıq edəcək.
“Ölkəmiz əsil demokratiyaya qədəm qoyacaq və bizim iqtidar kimsəni yalançı yağ-qaymaq vədləri ilə aldatmayacaq. Hər kəs özü öz xoşbəxtliyini qura biləcək”, - LDPR lideri utopiyalarını dilə gətirib.
O, gələcək Rusiyanın mövcudluğunu necə təsəvvür etdiyini də gizlətməyib:
“Sankt-Peterburqdan Düşənbəyə, Murmanskdan Bakıyacan...”
O, siyasətdən gedəndən sonra “bir qəpik də oğurlamamış” siyasətçi olaraq universitetdə dərs verməyi və təcrübəsini gələcək hökumətə çatdırmağı planlaşdırır.
Xatırladaq ki, Jirinovski 1991-ci ildən 2018-ci ilə qədər altı prezident seçkisində iştirak edib. Ən yaxşı nəticəsini 2008-ci ildə 9,35% səs toplamaqla qazanıb.