İtaliya Xarici İşlər və Beynəlxalq əməkdaşlıq naziri Angelino Alfanonun dəvəti ilə Romada işgüzar səfərdə olan Xarici İşlər naziri Elmar Məmmədyarov həmkarı ilə görüşüb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin və dostluğun yüksək səviyyəsindən məmnunluqlarını ifadə ediblər. İki ölkə arasında iqtisadi-ticarət, enerji və mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi və İtaliyanın Azərbaycanın Avropa İttifaqında (Aİ) ən əsas ticarət tərəfdaşı olduğu bildirilib.
Nazirlər Cənub Qaz Dəhlizi və onun vacib hissələri olan TANAP və TAP layihələrinin əhəmiyyətini diqqət çəkiblər və bu xüsusda ölkələrimiz arasında olan əməkdaşlığı təqdir ediblər.
Tərəflər Azərbaycanın Aİ ilə əməkdaşlıq məsələsinə toxunublar. İtaliya xarici işlər naziri ölkəsinin Azərbaycanın Aİ ilə əməkdaşlığının genişlənməsini dəstəklədiyini deyib.
Görüşdə İtaliyanın ATƏT fəaliyyətdə olan sədri statusuna toxunulub. İtaliya xarici işlər naziri ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin diplomatik yollarla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiyini vurğulayıb.
E.Məmmədyarov İtaliyanın münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyinə görə təşəkkür edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək Ermənistanın BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam, qeyd-şərtsiz çıxarılması barədə tələblərini hələ də yerinə yetirmədiyini vurğulayıb. O əlavə edib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir və münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktında təsbit olunduğu kimi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir.
Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.