5 Aprel 2018 21:16
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı daha bir nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir. Bu gün Azərbaycan paytaxtında Qoşulmama Hərəkatı çərçivəsində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda xarici işlər nazirlərinin aralıq nazirlər konfransı başlayıb. Sabah da davam edəcək konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edirlər.

Teleqraf.com Qoşulmama Hərəkatının yaranma tarixi, onun çağdaş beynəlxalq münasibətlər sistemində oynadığı rol və əhəmiyyətinə dair hazırladığı yazını təqdim edir.

Dörd liderin tarixi razılaşması

Qoşulmama Hərəkatı (ingiliscə Non-Aligned Movement – NAM) özlərinin formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu beynəlxalq təşkilatdır. Onun yaradılması ideyası 1955-ci ildə Bandunq konfransında (İndoneziya) irəli sürülüb. 1961-ci ildə isə Kuba lideri Fidel Kastro, Yuqoslaviya lideri, marşal İosip Broz Tito, Misir prezidenti Camal Əbdül Nasir və Hindistan lideri Cəvahirləl Nehrunun rəhbərliyi ilə həmin ilin 1-6 sentyabrında Belqradda keçirilən konfransda Qoşulmama Hərəkatının yaradıldığı elan olunub.

Hərəkatın üzvü olan 53 ölkə Afrika, 39-u Asiya, 26-sı Latın Amerikası və 2-i Avropadandır. Bundan əlavə 17 ölkə hərəkatda müşahidəçi statusuna malikdir. Bunlar Argentina, Ermənistan, Bosniya və Hersoqovina, Braziliya, Çin, Kosta Rika, El Salvador, Qazaxıstan, Qırğızıstan, Meksika, Monteneqro, Paraqvay, Serbiya, Tacikistan, Uruqvay, Xorvatiya və Ukraynadır. Həmçinin, 11 beynəlxalq təşkilat – Afrika İttifaqı, Afrika-Asiya Xalqları Həmrəylik Təşkilatı, Millətlər Birliyinin Katibliyi, Kanak Sosial Milli Azadlıq Cəbhəsi, Ərəb Dövlətləri Liqası, Puerto Rikonun Azadlığı üçün Milli Hostosian Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Cənub Mərkəzi, Birləşmiş Millətlər Təşkilatı, Dünya Sülh Şurası, Bloklara qoşulmama araşdırmaları üzrə Beynəlxalq İnstitut Qoşulmama Hərəkatının müşahidəçi təşkilatlardır.

Məqsəd və prinsiplər

1961-ci ildə – “Karib böhranı”nın baş verdiyi, bəşəriyyətin nüvə müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı və bundan son anda yayına bildiyi, başqa sözlə, “Soyuq müharibə”nin qaynar çağının baş verdiyi bir dövrdə təsis olunan Qoşulmama Hərəkatının yaradılmasında əsas məqsəd iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmək idi. Məramı beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Yeri gəlmişkən, ölkəmizin 2011-ci ildə iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçkilərində Qoşulmama Hərəkatının üzvü olan bir çox dövlət bizi dəstəklədi. Bu dəstək Azərbaycan üçün çox böyük əhəmiyyətə malik idi.

Hazırda Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qeyri-ierarxik xarakter daşıyan, idarəçiliyi rotasiya əsasında dəyişən təşkilata üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir.

Qərargahı olmayan təşkilat

Təşkilatın daimi orqanı və mənzil-qərargahı yoxdur. Qoşulmama Hərəkatı BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur. Büro hərəkatın daimi əsasda fəaliyyət göstərən və təşkilatdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə Qoşulmama Hərəkatı öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir. İndi bu vəzifəni Qoşulmama Hərəkatının sədri olan Venesuelanın BMT yanında daimi nümayəndəsi yerinə yetirir.

Hərəkata sədrlik müxtəlif regional qruplardan olan dövlətlər arasında üç ildən bir rotasiya edilir. Müvafiq regional qrupdan namizədliyi təqdim etmiş dövlət təşkilatın sammiti vaxtı bütün üzv dövlətlərin razılığı ilə sədr seçilir. Sədr dövlət üç illik sədrlik müddətinin əvvəlində zirvə görüşünə və sədrliyinin axırıncı ilində nazirlər iclasına ev sahibliyi edir. Bundan əlavə, sədr dövlət BMT yanında daimi nümayəndəliyi vasitəsi ilə hərəkatın Əlaqələndirici Bürosuna rəhbərliyi və sədrliklə bağlı digər vəzifələri icra edir. Praktikaya əsasən, sədrlik funksiyasını qəbul etmiş dövlət sədrlik müddətində öz Xarici İşlər Nazirliyində bütövlükdə bir struktur bölməsini Qoşulmama Hərəkatının işlərinə həsr etməli və hərəkatın ideya və prinsiplərinin tərənnüm olunmasına çalışmalıdır. Adətən, təşkilata sədrlik edən dövlət inzibati xarakterli xərclərin ödənməsini öz öhdəsinə götürür.

Azərbaycan və Qoşulmama Hərəkatı

Bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirən Azərbaycan bu səbəbdən müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmağı qərara alıb. Hərəkata qəbulla bağlı prosedur qaydalarına uyğun olaraq, Xarici İşlər naziri Elmar Məmmədyarov 2011-ci ilin yanvar ayında təşkilatın sədri vəzifəsini icra edən Misirin Xarici İşlər nazirinə təşkilata üzvlüklə bağlı müraciət edib. Həmin ilin 26 may tarixində İndoneziyanın Bali adasında hərəkata üzv olan dövlətlərin xarici işlər nazirlərinin görüşündə təşkilatın yekdil dəstəyini əldə edərək, Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub.

Qarabağ məsələsində dəstək

Azərbaycan Qoşulmama Hərəkatına üzv olduqdan sonra Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində bu təşkilatdan da bir platforma kimi istifadə etməyə başladı. 2012-ci il mayın 9-10-da Misirin Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində növbəti iclası keçirilib və yekun sənəd qəbul olunub. Hərəkatın üzvü kimi ilk dəfə Azərbaycan tərəfi bu sənədin hazırlanmasına öz töhfəsini verib. Məzmunca kifayət qədər əhatəli olan sənədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də daxil edilib. Nazirlər iclasında qəbul edilmiş yekun sənədin 382-ci maddəsində Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə edilib. Həmin bənddə münaqişənin tənzimlənməsi üçün əsas təşkil edəcək məlum prinsiplərin qeyd edilməsi ilə yanaşı, 120 ölkənin münaqişənin məhz Ermənistan və Azərbaycan arasında olmasını təsbit etməsi də əlamətdar məqamdır.

Onu da qeyd edək ki, həmin bəndin razılaşdırılması asan başa gəlməyib. Belə ki, Ermənistan tərəfi Qoşulmama Hərəkatında malik olduğu müşahidəçi statusunun yaratdığı imkanlardan və bir sıra üzv ölkələrlə ikitərəfli münasibətlərindən istifadə edərək, bəndin sənədə daxil edilməsinin qarşısını almağa, bu mümkün olmadıqda isə onu öz marağına uyğun olaraq dəyişdirməyə çalışıb. Bununla belə, üzv dövlətlərlə müvafiq iş aparılıb və sözügedən bənd yekun sənədə daxil edilib. Adıçəkilən iclasda E.Məmmədyarov çıxış edib və dövlətlərə Azərbaycanın mövqeyinə münasibətdə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Azərbaycan sədrliyə başlayır

Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik və 2019-ci ildə keçiriləcək sammitə ev sahibliyi etməsi nəzərdə tutulur. Sədrliklə bağlı qərara ilkin olaraq Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun 2015-ci il ərzində Nyu Yorkda keçirilən iclaslarında baxılıb və hərəkatın Əlaqələndirici Bürosunun 2015-ci ilin iyun ayında keçirilən nazirlər konfransının yekun sənədində sədrlik təklifimizə dəstək ifadə edilib. Sədrliklə bağlı yekun qərar 13-18 sentyabr 2016-cı ildə Venesuelanın Marqarita adasında baş tutmuş Qoşulmama Hərəkatının sammitində verilib.

Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etməsinin nəzərdə tutulduğu müddət barədə qeyd edək ki, hərəkatın əsas sənədlərinə görə, sədrlik müddəti üç ildir. Sədrlik onu təhvil alan dövlətin ərazisində sammitin keçirilməsi ilə başlayır. 2012-ci il 26-31 avqust tarixində keçirilən Tehran sammitinin qərarına görə, 2012-2015-ci illərdə İranın sədrliyindən sonra 2015-2018-ci illərdə Venesuela sədrlik etməli idi. Azərbaycan isə Venesuelanın sədrliyindən sonrakı müddətdə (2018-2021-ci illərdə) sədrlik etməyə dair öz namizədliyini vermişdi. Venesuela daxili çətinlikləri səbəbindən sammitə ev sahibliyi etməsini və sədrliyi öz üzərinə götürməsini bir il təxirə saldığından İranın sədrliyi bir il uzandı. Dəfələrlə təxirə salınmış növbəti sammitin planlaşdırıldığı kimi, 2017-ci ilin 13-18 sentyabr tarixlərində keçirilməsi mümkün oldu. Venesuelanın üç illik sədrliyi 2019-cu ildə başa çatacaq. Belə olduğu halda, hərəkatın Azərbaycanda növbəti sammitinin keçirilməsi 2019-cu ilə, sədrliyimizin tarixləri isə 2019-2022-ci illərə keçib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər