Son illərin sanballı uğurları arasında bizim enerji sektorunda nailiyyətlərimizi də qeyd etmək istərdim. Biz elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilmişik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində bildirib.
Prezident İlham Əliyev bildirib ki, yaxın keçmişdə qazı idxal etsək də, indi qazın ixracatçısına çevrilmişik:
"Bizim həyata keçirdiyimiz iri neft-qaz layihələri böyük maliyyə resurslarını akkumulyasiya etməyə imkan verir. Biz həm ölkə daxilində, həm də regional miqyasda nəqliyyat infrastrukturuna çox fəal şəkildə sərmayə qoymuşuq, bununla da gələcəkdə davamlı inkişaf üçün təməl yaratmışıq.
Hələ görülməli işlərə gəldikdə isə, əlbəttə ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin davam etdirilməsini, neft-qaz amilindən müəyyən dərəcədə asılılığın azaldılmasını və qeyri-neft sektorunda ixracın artırılmasını qeyd etmək istərdim. Məhz bu istiqamətlərdə fəal iş aparırıq. Son 2-3 ilin nəticələri çox sanballıdır. Biz qeyri-neft sektorunda ixracı 20-30 faiz artırmışıq və gələcəkdə əlbəttə ki, bu məsələ ən prioritet mövzulardan biri olacaq. Qeyd etməliyəm ki, bəzi ölkələrdən fərqli olaraq biz daim yeni iş yerləri yaradılması üzərində çalışırıq. Son 15 ildə 1 milyon 400 min iş yeri yaradılıb. Lakin bu illər ərzində Azərbaycan əhalisinin sayı 1 milyon 500 min nəfər artıb. Zənnimcə, bu da iqtisadi artımın indikatorudur. Buna görə iqtisadiyyatımız bizim demoqrafiyanı daim qabaqlamalıdır. Mən hökumətin qarşısında bu vəzifəni qoymuşam və biz bu istiqamətdə işləyirik.
Buna görə yeni istehsalatların, əhalinin daha artıq sayı üçün nəzərdə tutulan sosial infrastrukturun yaradılması qarşıdakı illərdə əsas prioritet olacaq".