18 Aprel 2018 20:29
4 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində Sərdar Cəlaloğluna ciddi cavab verməyi doğru hesab etmirəm. Amma ADP sədri ittiham səsləndiribsə, bunu cavabsız qoymaq da olmaz.

Bu fikirləri Teleqraf.com-a REAL Hərəkatının nümayəndəsi Natiq Cəfərli ADP sədri Sərdar Cəlaloğlunun İlqar Məmmədovla bağlı səsləndirdiyi fkirləri şərh edərkən deyib.

Natiq Cəfərli deyib ki, əslində, söhbət İlqar Məmmədovdan deyil, Sivil Toplum Platformasından gedir:

“Bunun isə REAL-a bir aidiyyəti yoxdur. Sivil Toplum Platformasında onlarla insanın təşəbbüsü olub ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün işlər görülsün. Azərbaycan diplomatları da dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verilir. Əslində, beynəlxalq dil üslubu da bunu tələb edir. Biz Avropa Şurasında, ATƏT-də və ya Avropa Birliyində deyə bilmərik ki, Qarabağdakı erməniləri öldürəcəyik, qovub çıxaracağıq, torpaqları güc yolu ilə azad edəcəyik. Beynəlxalq dil belə deməyə imkan vermir. Sərdar Cəlaloğlu isə o qədər köhnə siyasətçidir ki, beynəlxalq və diplomatik dilin, üslubun nə olduğunu bilmir. Onun dediyi məsələ Sivil Toplum Platforması ilə bağlıdır”.

Natiq Cəfərli daha sonra bildirib ki, Sərdar Cəlaloğlu onların Qarabağ münaqişəsinə dair mövqeyindən xəbərsizdir:

“Əslində, İlqar Məmmədov Dağlıq Qarabağ və Zəngəzur məsələsində ən sərt mövqe tutan şəxslərdən biridir. 2011-ci ildə NATO-nun regional təhlükəsizlik konfransında İlqar Məmmədovun ingilis dilində sərt çıxışı olub. Bu çıxışda nəinki Dağlıq Qarabağın, hətta Zəngəzurun da işğal altında olduğunu, vaxtı çatanda ermənilərin Zəngəzuru da geri qaytarmağa məcbur olacağını elan edib. Bu zaman Ermənistan nümayəndə heyəti böyük təxribatlar törədib. İlqar Məmmədov da MHP-dən olan deputatların köməyi sayəsində konfransdan çıxa bilib. Sərdar Cəlaloğlunun xatırlatdığı sənəd isə beynəlxalq dilə və diplomatiyaya uyğun sənəddir. Mahiyyəti də budur ki, sivil toplum Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edəcək. Sərdar Cəlaloğlunun bəhs etdiyi sənəddə o zaman Sivil Toplum Platformasında təmsil olunan onlarla nüfuzlu şəxsin də imzası olub. Bu, hökumətin rəsmi Dağlıq Qarabağ siyasəti ilə ziddiyyət təşkil etməyib. İndi də rəsmi şəxslər doğru olaraq beynəlxalq görüşlərdə diplomatik dildə danışır, deyir ki, münaqişəni sülh yolu ilə həll etməyə üstünlük verirlər. Əslində, diplomatik dil də bunu tələb edir. Cəlaloğlu isə neçə illərdir siyasətdədir, amma beynəlxalq dil və üslubun necə olduğundan xəbərsizdir. Məncə, onun siyasətlə məşğul olması sadəcə, vaxt itkisidir”.

Xatırladaq ki, ADP sədri Sərdar Cəlaloğlu İlqar Məmmədovun Azərbaycana qarşı çox xəyanətkar bir sənədə qol çəkib və heç vaxt Dağlıq Qarabağla bağlı məsələ qaldırmamaqla bağlı öhdəlik götürüb.


Müəllif: Cavad

Oxşar xəbərlər