Azərbaycan prezidentinin son fərmanı ancaq dəstəklənə bilər. Bu, faktiki olaraq son 20 il ərzində verilən ən mühüm fərmanlardan biridir.
Bu fikirləri Teleqraf.com-a hərbçi ekspert Azad İsazadə Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanını şərh edərkən deyib.
Hərbçi mütəxəssis bildirib ki, bu fərman hərbi qulluqçulara psixoloji tərəfdən müsbət təsir göstərəcək:
"Faktiki olaraq cəbhədə mövqe tutan əsgər və hərbi qulluqçular görəcək ki, iraq, sabah onun başına bir iş gəlsə, dövlət və prezident onun, ailəsinin qayğısına qalır. Bu baxımdan fərman müsbət hadisə kimi təqdim edilməlidir. Hərbi qulluqçu düşünəcək ki, vətən üçün əziyyət çəkirəm, özümü qurban verirəm. Və vətən də mənim qayğıma qalacaq. Bu, olduqca mühüm addımdır".
Mütəxəssis xatırladıb ki, fərmana əsasən 1997-ci ilə qədər ölmüş və hərbi əməliyyatlar zamanı itkin düşdüyünə görə ölmüş elan edilən 8800 ailəyə birdəfəlik 11 min manat məbləğində yardım olacaq:
"Bu fərman təkcə maliyyə ödənilməsi baxımından əhəmiyyətli deyil, həm də sosial-psixoloji baxımdan hərbçilərə müsbət təsir göstərəcək.
Eyni zamanda hərbçilərin xidmət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinin də üstünlükləri var. Bu, ordumuzun güclənməsi üçün irəliyə doğru addımdır. Sosial təminat istər-istəməz hərbi peşənin vacibliyini nümayiş etdirir. Hərbçilər özlərini sosial baxımdan qorunmuş hesab edəcək. Məncə, belə addımlar gənclərin hərbi sahəyə marağını hansısa formada stimullaşdıra bilər. Burada təbliğatın aparılması vacibdir. Gənclər bilməlidir ki, bu peşənin içində sosial təminat, karyera qurmaq və digər mühüm işlərə nail ola bilərlər".