Baş nazir Nikol Paşinyanın Gürcüstana səfərinin diqqət mərkəzində saxlanılması, onun Gürcüstan rəsmiləri ilə keçirdiyi görüşlər ciddi şəkildə təhlil olunmalı və nəticə çıxarılmalıdır. Xüsusilə Paşinyanın Samtsxe-Cavaxetiya bölgəsində yerli ermənilərlə görüş keçirməsinə və qəhrəman kimi qarşılanmasına şərait yaradılması, bu görüşdə səsləndirilən fikirlər nəzərdən qaçırılmamalıdır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.
Politoloqun sözlərinə görə, Gürcüstanın tarixində ilk dəfədir Ermənistanın birinci şəxsinə Cavaxetiya erməniləri ilə görüş keçirməsinə imkan yaradılır:
“Paşinyanı bölgədə Gürcüstan və Ermənistan bayraqları ilə qarşılayıblar. Paşinyan ermənilərlə görüşdə Gürcüstanın ərazi bütövlüyü ilə bağlı mesajlar verib. Ermənistan və Gürcüstan mətbuatı isə Tiflis-İrəvan münasibətlərində yeni mərhələnin başladığından söz açıb. Paşinyana dəstək verən KİV yazıb ki, “Cavaxetiyada elə siyasət yürütmək lazımdır ki, Gürcüstan bundan narahat olmasın və baş verənləri Abxaziya və Cənubi Osetiyadakı separatizm dalğasının davamı kimi qiymətləndirməsin”.
Diqqət çəkən məqamlardan biri də Paşinyanın Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan şəxslərin məzarına gül dəstələri qoymasıdır. Sirr deyil ki, gürcüləri Abxaziya uğrunda döyüşlərdə qətlə yetirənlərin arasında ermənilər çoxluq təşkil edib.
Ermənilər Abxaziyada gürcülərə qarşı döyüşüblər. Paşinyan isə bu barədə heç bir şey demədi, Abxaziya və Cənubi Osetiyanın adını çəkmədən Gürcüstanın ərazi bütövlüyündən danışdı. Onun səfərindən dərhal sonra separatçı bölgələri tanıyanların sırasına Rusiyanın tam təsiri altında olan Əsəd rejimi də qoşuldu. Bunun təsadüf olub-olmadığını isə gələcək göstərəcək”.
Elçin Mirzəbəyli qeyd edib ki, Gürcüstan rəhbərliyi Qərbin himayəsi altında Ermənistana meyillənməkdə maraqlıdır: “Rəsmi Tiflis bu istiqamətdə manipulyativ davranışlarını artıra və bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərə bilər. Ola bilsin, Paşinyan rəsmi Tiflisə həm də Cavaxetiyada separatizm dalğasının zəiflədilməsinə təminat verə biləcək şəxs kimi də maraqlıdır. Onun ermənilərin kompakt yaşadığı bölgədə keçirdiyi görüş də belə düşünməyə əsas verir. Nikol Paşinyan əgər Ermənistanda mövqelərini möhkəmləndirə və seçkilərdən qalib kimi çıxa bilərsə Abxaziya və Cənubi Osetiya ilə bağlı Gürcüstanın maraqlarını ifadə edən bəyanatlar da səsləndirə bilər. Onu Qərbdəki himayəçilərinin və erməni diasporunun bu istiqamətə yönləndirə biləcəyi ehtimalı az deyil”.
Politoloq qeyd edib ki, bizim bütün beynəlxalq layihələrimiz Gürcüstan üzərindən həyata keçirilir: “Gürcüstanın bir dövlət kimi mövcudluğu üçün Azərbaycanın enerji resursları, həmçinin həyata keçirdiyi layihələr müstəsna əhəmiyyət kəsb edir. Bu layihələr Gürcüstanı da bizim üçün yeganə tranzit dəhlizinə çevirib. Bu qarşılıqlı asılılıqda Gürcüstanın kənar vasitələrdən istifadə etməklə əlinin güclənməsinə və bizi arzuolunmaz reallıqlar qarşısında qoymasına qətiyyən yol vermək olmaz.
Bu baxımdan, regional proseslərlə bağlı qlobal müstəvidə daha çevik, dinamik və bəlkə də daha sərt siyasət yürütməliyik.
Şübhəsiz ki, bütün bunlar mənim subyektiv ehtimallarımdır. Amma unutmaq lazım deyil ki, bir neçə ay öncə Ermənitanda hakimiyyət dəyişikliyinin baş verə biləcəyi və Paşinyan kimi heç kəsin anımadığı, parlamentdə ən kiçik fraksiyaya rəhbərlik edən sıradan bir erməninin hakimiyyətə gələcəyi barədə hətta subyektiv ehtimallar da yox idi”.