Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Malik Həsənov Parlamentarizmin inkişafına dair Beynəlxalq Forumda iştirak etmək üçün bu gün Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edib.
Teleqraf.com xəbər verir ki, forumda XXI əsrdə dünya iqtisadiyyatının inkişafı ilə bağlı hüquqi bazanın təmin edilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə təcrübə mübadiləsi və digər mövzuları əhatə edən müxtəlif seksiyalarda müzakirələr aparılacaq.
Azərbaycan nümayəndə heyəti “Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçiriləcək toplantıya qatılacaq. Tədbirdə terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotik maddələrin ticarətinə, ekstremizmə qarşı milli və beynəlxalq hüquqi mexanizmlər, beynəlxalq səviyyədə informasiya təhlükəsizliyinin təmin edilməsi, qaçqınlar problemi və miqrasiya siyasətinin təkmilləşdirilməsinə dair məsələlər müzakirə olunacaq.