Teleqraf.com mərhum Əbülfəz Elçibəyin prezidentliyi zamanı onun köməkçisi vəzifəsində çalışan Oqtay Qasımovla müsahibəni təqdim edir:
- Oqtay bəy, bu gün Gəncədə baş verən 4 iyun qiyamından 25 il keçir. Həmin dövrü necə xatırlayırsınız?
- Gəncədə Müdafiə Nazirliyinə tabe olmayan 709 saylı hərbi hissə var idi. Hakimiyyət də çalışırdı ki, operativ şəkildə bu hərbi hissəni Müdafiə Nazirliyinə tabe etdirsin və Azərbaycan ordusunda ierarxiya qaydaya düşsün. Çünki biz müharibə aparırdıq və Müdafiə Nazirliyində təcili islahatlar aparılması, nizami ordu quruluşçuluğu prosesinin gücləndirilməsi həyata keçirilməli idi.
- Qiyam haqqında nə zaman xəbər tutdunuz?
- Günorta saatlarında məlum oldu ki, Gəncədə 709 saylı hərbi hissə qiyama başlayıb. Bunun başında duran şəxslər, habelə bu qiyamı hazırlayan və arxasında duran dövlət Azərbaycanda demokratik hakimiyyətin dəyişməsində israrlı idi.
- Qiyamla bağlı informasiyanı prezidentə siz məruzə etmişiniz?
- Yox, prezident informasiyaları bu məsələlərlə bilavasitə məşğul olan dövlət rəhbərliyində təmsil olunan şəxslərdən alırdı. O cümlədən baş nazirdən, Milli Məclisin sədrindən, dövlət katibindən. Eyni zamanda müdafiə, daxili işlər, milli təhlükəsizlik nazirliklərindən də informasiyalar alınırdı.
- 4 iyun qiyamına qədər sizin hakimiyyət Sürət Hüseynovun və ya 709 saylı hərbi hissənin üzərinə ordu, hərbçi göndərmişdimi?
- Yox. O zamana qədər Sürət Hüseynovun üzərinə hərbçilər getməyib. Onun komandiri olduğu hərbi hissədən daima narazılıqlar olub və bu narazılıqlar müxtəlif formalarda həll edilib. Sadəcə, mayın sonlarına doğru prezidentin yaratdığı komissiyanın verdiyi məlumatda bildirilirdi ki, Azərbaycanda mövcud olan hərbi hissələrdən yalnız ikisi Müdafiə Nazirliyinə tabe olmur. Bunlardan biri Fizuli istiqamətində yerləşən “Yapon” ləqəbli şəxsin batalyonu, digəri isə 709 saylı birqada idi. Fizulidəki məsələ çox qısa zamanda həll edildi, bu batalyon Müdafiə Nazirliyinin tabeçiliyinə keçdi. Gəncədə də bu prosesin aparılması qərarı var idi. 709 saylı hərbi hissə ümumən Gəncədəki ab-hava və Müdafiə Nazirliyi daxilində ümumi durumu pozduğu, habelə Gəncədə kriminogen vəziyyəti mənfiyə doğru dəyişdiyi üçün şəhərdə fövqəladə vəziyyət elan edilmiş və pasport rejiminə keçilmişdi. Qısa müddətə DİN-in əməkdaşları ümumi kriminogen durumu nəzarət altına almışdı, xeyli kriminal ünsürlər həbs edilmişdi.
Mayın sonunda Dövlət Müdafiə Komitəsinin toplantısında qərara alındı ki, 709 saylı hərbi hissənin Müdafiə Nazirliyinə tabe etdirilməsi məsələsi öz həllini tapsın. Həm güc strukturlarının rəhbərləri, həm də digər strukturlar səviyyəsində şəxslər Gəncəyə ezam olunublar və onlar bu məsələni həll etməli idilər.
- 4 iyun gününə qədər Sürət Hüseynovun prezidentlə birbaşa əlaqə qurmaq imkanları olub?
- Sürət Hüseynov Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndə və korpus komandiri idi. Bu vəzifələri ona prezidentə çıxışını təmin edirdi. Korpus komandiri vəzifəsindən çıxarıldıqdan sonra Azər-Yun Dövlət Şirkətinin rəhbəri təyin olunmuşdu. Onun prezidentlə əlaqə saxlamaq baxımından problemi yox idi.
- Qəribədir 4 iyunda qiyam baş verən ana qədər nə Sürət Hüseynov prezidentlə, nə də prezident qiyamçı Sürət Hüseynovla birbaşa təmasda olub,...
- Məsələ konkret idi. Qiyamı Sürət Hüseynov deyil, Rusiya planlamışdı. Bu işin arxasında dayanan, onu idarə edən, yönləndirən də Rusiya idi. Bu məsələlərdə qərarverici instansiya Sürət Hüseynov və onun ətrafındakı şəxslər deyildi. Onlar sadəcə olaraq planın icraçıları idi.
- 709 saylı hərbi hissənin Müdafiə Nazirliyinə tabe etdirmək qərarı veriləndən sonra bu məqsədlə məmurlar Gəncəyə ezam olunur, iş aparılır. Bəs niyə bu iş uğurla başa çatdırılmadı və ya 4 iyun qiyamı ətrafı bürümədən söndürülmədi?
- Əbülfəz Elçibəy hakimiyyətə gələndə, ümumən SSRİ dağılıb yerində müstəqil dövlətlər meydana çıxanda Azərbaycanın dövlət olaraq adı vardı, strukturları işlək vəziyyətdə deyildi, təkmilləşdirilməmişdi. 1992-ci il dekabrın 31-də Prezident Elçibəyin xalqa Yeni İl müraciətində 1993-cü ilin dövlət quruculuğu ili elan etməsi də onunla bağlı idi ki, dövlət və onun qurumları yenidən qurulmalı, islahatlar aparılmalı, təkmilləşdirilməlidir. Bu proses gedirdi, müstəqil dövlət strukturlarının qurulmasının ilkin ili idi, yeni addımlar atılırdı. Bu mənada həmin dövrdə strukturların sistemli, dayanıqlı və güclü olmasından danışmaq da doğru olmazdı.
Digər tərəfdən, Azərbaycan ordusu yarananda onun zabit heyəti tamamilə SSRİ ordu sistemindən çıxan insanlardan formalaşmışdı və bu, təbii idi. Təəssüflər olsun ki, bu kontingentin içərisində mütləq əksəriyyət Azərbaycanı müstəqil dövlət olaraq təsəvvür etmir, bunu ağlının ucuna gətirə bilmirdi. Onlar bu və ya digər formada rus ordu sisteminə bağlı idilər. Bir çoxları isə Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli idi. Yəni milli, təcrübəli, vətənpərvər, dövlətinə, millətinə və prezidentinə sədaqətli olan yüksək çinli zabitlərin sayı çox az idi. Üstəlik belə zabitlərin bir qismi də cəbhə bölgəsində xidmət keçirdi. Bu mənada problemlər ciddi şəkildə özünü göstərməli idi və göstərirdi də. Qısa desək, hakimiyyət tərəfində olan vətənpərvər, sədaqətli insanların təcrübəsi, bir çox hallarda qətiyyəti yetərli deyildi. Qarşı tərəfin təcrübəsi həm artıq idi, həm də arxalarında böyük dövlət dayanmışdı.
- Sual sadəlövh görünsə də cavab verməyinizi xahiş edirəm: Prezident Əbülfəz Elçibəyin qiyamın qarşısını almaqda nə dərəcədə israrlı idi?
- Azərbaycan cəmiyyətində bilərəkdən belə fikir formalaşdırılıb ki, guya Əbülfəz Elçibəy qiyamın qarşısını almaq istəmirdi və bunun üçün cəhd də göstərmədi. Bəzi insanlarımız belə düşüncələrə qapılır. Əslində Əbülfəz Elçibəyin qiyamla bağlı mövqeyi çox konkret olub. 1993-cü ilin 26 mayında keçirilən Dövlət Müdafiə Komitəsinin iclasında prezidentin dediyi fikirlər var. Elçibəy konkret şəkildə 709 saylı hərbi hissənin Müdafiə Nazirliyinə tabe etdirilməsinin öz həllini tapması, dövlətin qanunlarına qarşı çıxanların ciddi cəzalandırılmasının vacibliyini vurğulayıb. Əbülfəz Elçibəy bu məsələdə konkret və qətiyyətli idi. Bu işin öhdəsindən gəlinməməsi artıq detaldır və buna da yuxarıda cavab verdik. Prezidentə, hakimiyyətə sədaqətli olan güc strukturlarının rəhbərləri kifayət qədər təcrübəli və qətiyyətli olmadı.
- 4 iyunda baş verən qiyamın arxasında ruslar dururdu. Bəs qiyam zamanı Elçibəy hökumətini müdafiə edən, dəstəkləyən və açıq mövqe sərgiləyən xarici dövlətlər oldumu?
- Qiyam baş verəndən sonra bəyanat verənlər oldu. Bir var siyasi bəyanat verilir, bir də var konkret hərəkət edilir. Təbii ki, 4 iyun qiyamından dərhal sonra ABŞ-ın rəsmi bəyanatı oldu. Vaşinqton Azərbaycanda baş verənləri narahatlıqla izlədiyini və legitim prezident Elçibəyi dəstəklədiyini ifadə etdi. Buna oxşar mövqe ilk dövrlər Türkiyədən də gəldi. Amma bunlar sadəcə, siyasi bəyanatlar idi. Qarşı tərəfdə olan qüvvələrin arxasında duran Rusiya, İran və Ermənistan konkret fəaliyyətdə idilər. Onlar birbaşa proseslərə müdaxilə edərək ona yön verməyə çalışırdı. Bu baxımdan qüvvələr nisbəti bərabər deyildi. O zaman Rusiyanın Azərbaycana olan mövqeyini indi təxminən Rusiyanın Ukraynaya olan münasibəti ilə eyniləşdirmək olar. Və ya 2008-ci ildə Rusiyanın Gürcüstana münasibəti ilə.
- Moskva niyə Elçibəy hökumətinə qarşı belə sərt mövqe tuturdu?
- Çünki Rusiya Azərbaycanda onun maraqlarına toxunacaq hakimiyyətin olmasında maraqlı deyildi. Bu məsələ 1992-ci ildə Rusiyanın Azərbaycandakı səfiri olan Valter Şoniyanın Moskvaya göndərdiyi raportda açıq qeyd olunmuşdu. Hesabatda bildirilirdi ki, Azərbaycan Prezidenti Elçibəyin apardığı siyasət bu cür davam edərsə, 2-3 ildən sonra Azərbaycan tam müstəqil dövlət olacaq. Bu da keçmiş SSRİ respublikaları üçün president rolunu oynaya bilər. Bunun qarşısı təcili alınmalıdır. Səfirin bu raportundan sonra, 1992-ci ilin dekabrın sonlarında Rusiya Təhlükəsizlik Şurasında xüsusi müzakirələr aparılıb və mövqelər konkret bəlli idi.
- İddia olunur ki, həmin dövrdə Azərbaycanın Rusiyadakı səfiri Hikmət Hacızadə Bakıya göndərdiyi teleqram da təklif edib ki, ölkə liderləri təcili Moskvaya gəlib danışıqlar aparsın, əks təqdirdə Moskva Bakıya gəlməli olacaq...
- Bu məsələni Hikmət Hacızadə ilə dəqiqləşdirmək lazımdır. Əslində sizin qeyd etdiyiniz ifadə kifayət qədər məntiqlidir. Kəlbəcərin işğalı birbaşa Elçibəyin hakimiyyətdən devrilməsi üçün həyata keçirilən əməliyyat idi. Kəlbəcərin işğalında Rusiya hərbçiləri iştirak edirdi. Kəlbəcər döyüşlərində səhv etmirəmsə, 13 rus əsgəri əsir alınmışdı və bu, Azərbaycanla Rusiya arasında uzun müddət müzakirə mövzusu oldu. Hətta Rusiyanın Dağlıq Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsi Kazmirovun aprel ayında bizim dövlət nümayəndələri ilə görüşü zamanı “siz Kəlbəcər zərbəsindən xilas oldunuz. Gələcəkdə qarşınıza iç qarışıqlıq, vətəndaş çaxnaşması çıxsa, nə edəcəksiniz ” səpkili fikirlər işlətmişdi. Bu onu göstərirdi ki, Rusiya Azərbaycanda hakimiyyətin devrilməsi üçün sistematik iş aparır, planlar qurur. Və bu məqsədinə çatmaq üçün hərbi çevrilişdən tutmuş, ərazilərin işğalı, vətəndaş müharibəsi salmağa qədər addımlara hazırdır.
- Yəni hakimiyyətdə olanda anlaşılırdı ki, Rusiyanın sizin hakimiyyətə münasibəti pisdir və əlindən gələni edəcək ki, siz hakimiyyətdə olmayasınız, yoxsa qiyamdan illər sonra bu qərara gəlindi?
- O zamanda bəlli idi. Dövlət rəhbərliyində təmsil olunanlar da bilirdi ki, Rusiya bu istiqamətdə işləyir. 1993-cü ilin fevralında Dağlıq Qarabağ döyüşlərində gərgin vəziyyət yaranmağa başladı. Ağdərə istiqamətində Sürət Hüseynovun hərbi hissəsini geri çəkməsi ilə həmin ərazilərin bir hissəsinin işğal olunması, Kəlbəcər və Füzuli istiqamətində hücumların başlanması göz önündə tutulurdu və bunlar təsadüfi şeylər deyildi. Nəzərinizə çatdırım ki, Kəlbəcərin işğalından bir həftə sonra ümumi atəşkəs rejimi həyata keçirilməyə başladı və bu 2 aya yaxın davam etdi. İyunda Gəncədə qiyam başlayandan sonra təsəvvür edin ki, bütün cəbhə boyu döyüş əməliyyatları yenidən bərpa olundu və gücləndi. Bu, onu göstərirdi ki, Rusiya Azərbaycan hakimiyyətinin diqqətini cəbhəyə yönəltmək, qüvvələrini parçalamaqla Gəncədə qiyamın qarşısını almağa mane olurdu.
- Düşünürsünüz ki, Gəncə qiyamı yatırılsaydı belə növbəti mərhələdə ruslar yeni “sürprizlər” ortaya qoyacaqdı?
- Təbii. Rusiya bizə qarşı əlindən gələn hər şeyi edirdi. Bu və ya digər variantlar növə ilə işə salınırdı. Mən düşünürəm ki, Gəncədəki qiyam yatırılsaydı, Rusiya başqa varianta əl atıb hadisə törədə bilərdi. Rusiya sakit dayanmayacaqdı. Ya hakimiyyət Rusiyanın maraqlarını müdafiə etməli idi, ya da getməli idi. Rusiyanın bu məsələdə mövqeyi kifayət qədər konkret və qəti idi.
- Amma Rusiya Prezidenti Yeltsin nisbətən demokrat şəxs idi və AXC-yə də münasibəti pis deyildi...
- Bunları ciddi ifadə hesab etmirəm. Yeltsin Rusiya prezidenti idi. Rusiya imperiya ənənəsinə malik dövlətdir. Orada dövləti yalnız Yeltsin idarə etmirdi. Yeltsindən başqa digər strukturlar işləyirdi. Təhlükəsizlik xidməti, ordu, hərbi-sənaye kompleksi, hərbi kəşfiyyat və digər institutlar işləyirdi. Bu qurumların hamısının Yeltsinin fikirlərini əsas götürərək işlədiyini desək, yanılarıq.
Bəli, Yeltsin müəyyən qədər demokratik görünməyə çalışan şəxs idi. Xalq Cəbhəsinə münasibətinin müsbət olması 1991-ci ilin avqustunda Moskvada baş verən QKCP hadisələrinə AXC-nin qəti mövqe bildirməsindən doğurdu. Amma hər bir dövlətin öz maraqları var və Yeltsin də öz dövlətinin maraqlarından çıxış edirdi.