Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətə gələn kimi məni həbs etdilər. Rəhmətlik Heydər Əliyev hakimiyyətə gələnəcən həbsdə qaldım. 4 iyunda Gəncədə baş verən qiyam zamanı həbsxanada idim. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra mən azadlığa buraxıldım.
Bu fikirləri Teleqraf.com-a 1993-cü ilin 4 iyun qiyamı haqqında danışan sabiq deputat Hacı Əbdül deyib.
Onun sözlərinə görə, 4 iyun qiyamının niyə baş verdiyini bilmir: “Yalnız AXC hakimiyyətində təmsil olunan şəxslərin dedikləri ilə tanışam. Qiyamın baş verməsi, bunun siyasi tərəflərindən isə bixəbərəm”.
Bununla belə, sabiq deputat hesab edir ki, iyun qiyamını keçmiş prezident Ayaz Mütəllibovun tərəfdarları, kommunistlər və Rusiyanın buradakı şəbəkəsinin həyata keçirdiyinə inanmır:
“Əgər belə olsaydı, hakimiyyətə həmin qüvvələr gələrdi. Məncə, qiyamın səbəbi tamam başqadır. Mümkündür ki, sonda Əbülfəz Elçibəy Heydər Əliyevi Bakıya dəvət etməklə müəyyən planları pozub. Əslində bu, mümkündür, bildiyim qədər elə də olub. Əgər o zaman həbsxanada olmasaydım bu proseslərdə iştirak edər, məlumatlı olardım”.
Hacı Əbdül əlavə edib ki, həmin dövrdə Ayaz Mütəllibova yaxın adam olsa da, 4 iyun qiyamında onun əlinin olub-olmadığını bilmir.