14 İyun 2018 14:58
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Rusiyanın İrəvanda inqilab hazırladığını gündəmdə saxlamaqla, dünyanın diqqətini öz üzərinə çəkmək istəyir. Ermənistan hakimiyyətinin niyyəti budur ki, Rusiyanı təzyiqlər qarşısında qoymaqla özünü onun təsir dairəsindən çıxarsın.

Bu sözləri Teleqraf.com-a politoloq Natiq Miri deyib.

Politoloq bildirib ki, Rusiyanın yaxın zamanda Ermənistana qarşı ciddi təzyiq mexanizmlərini işə salacağına inanmır:

“Əlbəttə, Rusiya Ermənistanda gedən prosesləri həssaslıqla izləyir. Şübhəsiz ki, Moskva hadisələrin bu formada cərəyan etməsindən razı deyil. Çünki Ermənistanda hakimiyyət dəyişikliyi baş verikdən sonra Baş nazir Nikol Paşinyan strateji əhəmiyyətli postlara Qərbyönümlü, xüsusilə də, Corc Sorosun təşkilatı ilə əməkdaşlıq edən adamları gətirdi. Bu, Rusiyanın geosiyasi maraqlarına uyğun addımlar deyildi. Amma Rusiyanın tezliklə buna görə Ermənistana təzyiq edəcəyinə inanmıram.

Hesab edirəm ki, Moskva bundan sonra Ermənistan hakimiyyətinin atacağı addımları daha yaxından izləyəcək. Əgər Rusiya görsə ki, Paşinyan Ermənistanı Qərbə yaxınlaşdırır, bu zaman təzyiq mexanizmlərini işə salacaq. Nəzərə almaq lazımdır ki, Rusiya avqust ayında Ermənistan rəhbərliyi ilə yüksək səviyyədə görüş keçirmək istəyir. Bu görüşdən sonra Rusiya müəyyən edəcək ki, Ermənistan ona nə qədər yaxındır. Bundan sonra Moskva İrəvana qarşı hərəkətə keçə bilər”.

Kremlin İrəvana qarşı ata biləcəyi addımlardan danışan Natiq Miri qeyd edib ki, Rusiya ilk növbədə Ermənistana satdığı qazın qiymətlərini qaldıra bilər:

“Bununla yanaşı, Rusiyanın Ermənistana təzyiq vasitələri kifayət qədər genişdir. Ermənistan siyasi, iqtisadi, maliyyə və hərbi təzyiqlər altında qala bilər. Hesab edirəm ki, avqustda ikitərəfli görüşdən sonra Kremlin Ermənistanın yeni rəhbərliyinə yönəlik siyasəti məlum olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər