27 İyun 2018 19:50
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də ABŞ Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə Bürosunun baş rəsmisi xanım Elis Uelsi qəbul edib.

Teleqraf.com-un xəbərinə görə, xanım Alis Uels Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı minnətdarlığını bildirib və bu tədbirin böyük önəm daşıdığını deyib.

Dövlət başçısı xanım Alis Uelsin bu tədbirdə iştirak etməsindən məmnunluğunu bildirib.

Xanım Alis Uels bu yaxınlarda qeyd olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və “Şahdəniz-2” layihəsinin rəsmi açılışı kimi çox tarixi tədbirlərdən az keçmiş Azərbaycana səfər etməsindən məmnunluğunu vurğulayıb. O, bu mühüm hadisələrlə bağlı ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikası Prezidentinə təbrik məktubları göndərdiyini xatırlayaraq bu münasibətlə öz təbriklərini də çatdırıb.

Dövlət başçısı Amerika Prezidenti Donald Trampın bu iki mühüm hadisə ilə bağlı göndərdiyi məktublara və orada ölkəmiz və ikitərəfli münasibətlərimizlə əlaqədar ifadə etdiyi xoş fikirlərə görə minnətdarlığını bildirib, bunun əlaqələrimizin strateji önəmini bir daha nümayiş etdirdiyini deyib və qeyd edib ki, Azərbaycan tərəfi ABŞ Prezidentinin ölkəmizə olan münasibətini yüksək qiymətləndirir. Eyni zamanda Prezident İlham Əliyev Azərbaycanın həyata keçirdiyi nəhəng enerji layihələrinin reallaşmasına ABŞ hökumətinin verdiyi dəstəyin böyük önəm daşıdığını vurğulayıb və bildirib ki, Azərbaycan hər zaman müxtəlif enerji layihələri, o cümlədən böyük əhəmiyyət daşıyan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında bu dəstəyi hiss edib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Əfqanıstan hökumətinə birbaşa və beynəlxalq səylər çərçivəsində dəstək göstərir və eyni zamanda NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasına öz töhfəsini verir və bu missiyada Azərbaycan hərbçilərinin sayı artırılıb. Azərbaycan gələcəkdə də öz hərbçilərinin sayını artırmağa hazırdır. Prezident İlham Əliyev daha sonra qeyd etdi ki, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşdükdən sonra Azərbaycan Əfqanıstana böyük önəm daşıyan logistik dəstəyi təmin edir. Prezident İlham Əliyev bütün bunların Əfqanıstan hökuməti tərəfindən yüksək qiymətləndirildiyini deyib.

Azərbaycan Prezidenti qeyd etdi ki, Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı bunu bir daha nümayiş etdirəcək və Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi işinə böyük töhfə verəcək.

Xanım Alis Uels Azərbaycan Prezidenti ilə görüşün Əfqanıstana dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını deyib. O, Azərbaycanın Əfqanıstana və bu ölkənin xalqına davamlı dəstəyini və eləcə də Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında Azərbaycan hərbçilərinin sayının artırılmasının ABŞ tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər