29 İyun 2018 21:25
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp xarici siyasətdə bəzən ziddiyyətli addımlar atır. Məsələn, ABŞ Rusiyaya sanksiyalar tətbiq edərkən, Konqres də buna çox sərt reaksiyalar verərkən Tramp qəfildən Putinlə görüşəcəyini bəyan etdi. Yaxud Putin Kanadaya G-7 ölkələrinin sammitinə gedib onlara deyir ki, bu nə toplantıdır, bura Rusiya da dəvət olunmalıdır.

Bunu Teleqraf.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O, qeyd edib ki, nəhayət, iyulun 16-da Helsinkidə iki ölkə liderinin görüşünün keçiriləcəyinə dair məlumat yayılıb: “ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bu günlərdə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və iki ölkə liderinin görüşünü razılaşdırıb. Əgər Tramp Makrona Fransanın Avropa İttifaqından çıxmasına dair təklif veribsə, bu, əslində Avropa İttifaqını dağıtmaq deməkdir. Çünki Avropa İttifaqının sütununu iki dövlət - Almaniya və Fransa təşkil edir. Fransa getsə, Avropa İttifaqının yarısı itəcək.

Əlbəttə, Fransa bu addımı atmayacaq. Ancaq faktdır ki, Tramp öz müttəfiqləri arasında təfriqə yaradır. Yəni, ittifaqı dağıtmağa çalışır. Almaniya ilə münasibətlərdə də soyuqluq var. Federal kansler Angela Merkel bildirir ki, biz gərək xarici siyasətdə artıq ABŞ-a boylanmayaq. Halbuki II Dünya müharibəsindən indiyədək Almaniya xarici siyasətə dair bütün addımlarını əslində ABŞ-la razılaşdırıb. Çünki ABŞ-dan asılı vəziyyətdə idi. Bunu alman ekspertləri də deyir. Yəni, Tramp çox ziddiyyətli siyasət yürüdür.

Ancaq belə baxanda bu addımlar daxildə Trampın reytinqini aşağı salmır. İqtisadi zəmində müəyyən uğurları var, reytinqi də müəyyən qədər qalxıb. Yeni iş yerləri açır, xaricə köçən iş adamları geri qayıdır. Amma onun xarici siyasətdəki ziddiyyətli addımları suallar doğurur”.

E.Şahinoğlu qeyd edib ki, əgər D.Trampın Fransa ilə bağlı açıqlaması doğrudursa, bu, ABŞ-ın Avropa İttifaqı ölkələri ilə münasibətlərinə ciddi zərər vura bilər:

“Çünki Amerikanın əsas müttəfiqləri məhz Avropadadır. Avropa İttifaqı və NATO ölkələri hesab olunur. Ancaq Trampın son illər apardığı bu siyasət Avropa dövlətlərində də müəyyən şübhələr yaradır. Hətta iş o yerə gəlib çatıb Fransa və Almaniya NATO xaricində bir təhlükəsizlik strukturu yaratmaq barədə düşünürlər ki, ABŞ-dan asılı olmasınlar. Ona görə də əgər Tramp bu təklifi veribsə də, Fransa onunla razılaşmayacaq”.

Qeyd edək ki, ABŞ-ın “Vaşinqton Post” qəzeti yüksək çinli məmura istinadən ABŞ Prezidenti Donald Trampın aprel ayında Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüş zamanı ona ölkəsini Avropa İttifaqından çıxarmağı təklif etdiyi yazıb. Qəzet qeyd edib ki, Tramp Makrona bu addımı atacağı təqdirdə onun ölkəsi ilə sərfəli şərtlərlə ticarət anlaşması imzalayacağını deyib. Ağ Ev hələlik bu məlumatı şərh etməyib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər