Rusiya Qərbə meyillənən Ermənistana qarşı adekvat addımlar atır. Rusiya prezidentinə yaxın adamlar, ictimai-siyasi xadimlər Bakıdan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlərsə, bu, Ermənistana verilmiş mesajdır.
Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev belə deyib.
Politoloq hesab edir ki, Baş nazir Nikol Paşinyan Qərbə yönəlik fəaliyyətləri ilə parlament seçkilərindən qabaq siyasi dividentlər qazanmağa çalışır:
“Buna adekvat olaraq, Paşinyan Rusiyanın Ermənistandakı hərbi bazalarının vergiyə cəlb edilməsi ilə bağlı fikirlər səsləndirir, bu istiqamətdə addımlar atdığını nümayiş etdirməyə çalışır. O başa düşür ki, Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra Rusiya Ermənistana lazım olmayacaq.
Paralel olaraq, Daxili Qoşunların birliklərini təmas xətti və sərhədboyu bölgələrə cəmləməklə, seçkiqabağı manipuliyasiya edir. Buna baxmayaraq, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğunu deyir və başa düşür ki, ölkəsinin sərhədləri Rusiya tərəfindən mühafizə olunur. Lakin onu da unutmaq lazım deyil ki, Nikol Paşinyanın qələbə qazanmasında Rusiyayönümlü oliqarxların və Qagik Çarukyanın böyük rolu olub”.
Arzu Nağıyevin sözlərinə görə, Rusiya – NATO sərhədləri Ermənistan ərazilərindən keçir: “Paşinyan başa düşür ki, Rusiya heç vaxt qoşunlarını Ermənistandan çıxarmayacaq. Buna görə də Paşinyan Qərb ölkələrində ölkə iqtisadiyyatını dirçəltmək üçün sərmayə axtarışına çıxıb. Hesab edirəm ki, bunlar seçkiqabağı manevrlərdir və seçkilər başa çatanadək davam edəcək”.