20 İyul 2018 20:49
2 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə diplomatik fəaliyyətini gücləndirib. Azərbaycan diplomatik müstəvidə Ermənistandan üstün görünür. NATO-nun Brüssel sammitinin son bəyannmasi və Avropa İttifaqı ilə imzalanmış sənəddə ölkəmizin ərazi bütövlüyünün birmənalı şəkildə dəstəklənməsi də bunu göstərir.

Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə belə deyib.

Politoloq qeyd edib ki, Ermənistanın yeni hakmiyyətinin anti-Rusiya siyasəti Azərbaycana işğal edilmiş əraziləri geri qaytarmaq üçün ideal fürsət verir:

“Hesab edirəm ki, Prezident İlham Əliyevin avqustda Rusiyaya gözlənilən səfərində Vladimir Putinlə konkret məsələlər ətrafında müzakirə gedə bilər. Bu, indiyədək keçirilmiş görüşlərdən daha fərqli olacaq. Çünki Ermənistanın sürətlə Rusiyadan qopması Putini ciddi şəkildə düşündürməyə başlayıb. Hesab edirəm ki, Putin Paşinyanı Qarabağla cəzalandıra bilər. Bu baxımdan, görüşün əhəmiyyəti olduqca böyükdür. Azərbaycan hazırda münaqişənin həlli ilə bağlı iki istiqamətdə siyasət aparır. İlk növbədə Rusiya ilə danışıqlarda fəallaşıb. Bu da o imkanı yaradır ki, Rusiya ən az Ermənistan və Azərbaycan arasında neytral mövqedə dayansın. Bu fonda Azərbaycan Qərblə də təmaslarını sıxlaşdırıb. Son dönəmlərdə Qərbdən Azərbaycana verilən siyasi və Qarabağ dəstəyi Ermənistanı narahat edir”.

Azərbaycanın hazırda təkcə Rusiyanın vasitəçiliyinə ümid etmədiyini deyən Məhəmməd Əsədullazadə qeyd edib ki, Bakı yeni formatda danışıqlar üçün Qərblə əməkdaşlıqda da maraqlıdır: “Azərbaycan Rusiyadan silah idxalını azaldaraq, Fransa, İtaliya, İngiltərə və Çexiya ilə silah alışı müqaviləsinin imzalanmasına maraq göstərir. Hazırda Çexiya və İngiltərə ölkəmizə silah satır. Fransa və İtaliya da artıq silah ticarətində maraqlıdır. Göründüyü kimi, Ermənistan tərəfinin uzun illər apardığı anti-Azərbaycan siyasəti fiaskoya uğrayır. Azərbaycan ABŞ və Avropa dövlətləri ilə təmasları daha da sıxlaşdırmalıdır. Bununla Rusiyanın münaqişənin həll prosesindəki mövqeyini zəiflətmək mümkündür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər