Azərbaycan və Rusiya prezidentləri arasında keçiriləcək görüşün həmişə olduğu kimi, konstruktiv şəkildə baş tutacağını düşünürəm. Hesab edirəm ki, bu görüş Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin həll prosesinə təkan verəcək. Görüşdən sonra Qarabağ məsələsində irəliləyişlərin olacağı gözləniləndir. Nəzərə almaq lazımdır ki, bu görüş regionda mürəkkəb geosiyasi ziddiyyətlərin baş verdiyi dövrə təsadüf edir.
Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova belə deyib.
Nəzakət Məmmədovanın sözlərinə görə, ABŞ-İran ziddiyyətləri, Gürcüstanda NATO hərbi təlimlərinin keçirildiyi və Ermənistanda növbədənkənar parlament seçkilərinin müzakirə edildiyi dövrə təsadüf edən bu mühüm görüş, eyni zamanda, Rusiyanı Azərbaycana özünün Qafqazda tək etibarlı strateji tərəfdaşı kimi daha çox ehtiyac duyduğu zamanda baş tutacaq:
“Ermənistanın Baş naziri Nikol Paşinyan etiraf etməsə də, ona Rusiya hərbi bazalarının ölkəsindən çıxarmaq göstərişi verildiyi aydındır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun bu günlərdə ev həbsinə məhkum edilməsi Ermənistanın növbəti dəfə Rusiyaya ciddi şəkildə meydan oxumasıdır.
Hesab edirəm ki, bu ittiham Xaçaturovun simasında Rusiyanın başçılıq etdiyi KTMT-yə qarşı yönəlib və Ermənistanla təşkilat arasında ciddi uçurum yaradacaq. Üstəgəl, KTMT üzvü olan Rusiya və Belarusun Azərbaycana silah satması onların Ermənistanla münasibətini daha da gərginləşdirib. Digər yandan, NATO Gürcüstanla olduqca yaxınlaşıb. Belə bir şəraitdə Rusiya Azərbaycana bir çox məsələlərdə, o cümlədən Qarabağ məsələsində güzəştli mövqe tutmalıdır. Qənaətimə görə, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfəri əhəmiyyətli olacaq”.
Nəzakət Məmmədova qeyd edib ki, Rusiyanın gözlənilməz hücumları ilə qarşılaşacağından ehtiyatlanan Paşinyanın təşviş içində olduğu aşkar hiss olunur:
“Paşinyan İlham Əliyevin Vladimir Putinlə görüşündən sonra Ermənistanın onsuz da çətin olan vəziyyətinin xeyli mürəkkəbləşəcəyini bilir. Rusiya Paşinyanın oktyabrda parlamenti öz nəzarətinə almaq üçün növbədənkənar seçki keçirərək ona yaxın Respublika Partiyasını zəiflətmək istədiyini nəzərə alaraq, Ermənistana qarşı təzyiqlərini gücləndirə bilər. Bütün bunların nəticəsini hazırda Qarabağ və Naxçıvan cəbhələrində müşahidə edə bilərik”.