31 İyul 2018 14:35
3 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Rasim Ağayevlə müsahibəni təqdim edir:

- Rasim müəllim, Ermənistanda baş verən son prosesləri necə dəyərləndirirsiniz?

- Ermənistanda baş verən hadisələr bu ölkədə gözlənilən faciələrin ilkin anonsudur. Ermənistan düşdüyü vəziyyətə görə, heç kimi günahlandıra bilməz. Mən, bu gün erməni və rus mətbuatını izləmişəm. Ruslar utanmadan deyirlər ki, Ermənistanın bir qorxusu var ki, bu da Türkiyə qorxusudur. Heç yazıq Türkiyə bilmir ki, ermənilərin əlindən hara qaçsın. Ərazi iddiası ilə çıxış edən ermənilərdir, aranı vuran ermənilərdir, münasibətlərdə problemlər yaradan, saxta soyqırımı iddiasını ortaya atan da ermənilərdir. Ancaq ruslar yapışıblar ki, ermənilərə təhlükə Türkiyədən gəlir. Rusiyanın sözündən belə çıxır ki, ermənilər təhlükəni Türkiyədən gözləyir. Amma ermənilərin bir nömrəli düşməni onların özləridir. Ermənistanda yaranan indiki vəziyyətin səbəbi də Ermənistanın aparıcı siyasi qüvvələridir. Görün, bu ölkə nə günə qalıb ki, indiki vəziyyətdə Daşnaksütyun Partiyası da “sülhsevər” qüvvə kimi ortaya çıxır. Məsələ bundan ibarətdir ki, Ermənistanda olan nisbətən mütərəqqi, həqiqi vətənpərvər, ölkəni düşdüyü vəziyyətdən çıxarmaq istəyən, düz yol tapmağa çalışan qüvvələr başlarını götürüb ölkədən qaçıblar. Məncə, bu saat ermənilər belə fikrə gəlib ki, onların bəlaları Rusiyadan qaynaqlanıb və onlar istər-istəməz üzlərini Qərbə döndərməlidirlər. Yəni qərbyönlü siyasət, Rusiyadan uzaqlaşmaq istəyi o qədər açıq-aydın görünür ki, rus mətbuatı və siyasətçiləri bunu öz xalqından gizlətmir.

- İrəvanda eks-prezident Rober Köçəryan, onlarla general həbs edilib. Sizcə, niyə?

- Əslində baxsaq bu saat təkcə Köçəryanı deyil, Zori Balayanı və digərlərini tutub gətirsələr, indiki erməni liderlərini belə həbs etsələr, bu səhv addım olmaz. Çünki Ermənistanı bu vəziyyətə salan elə erməni siyasətçiləri olub. Gərginlik onunla bağlıdır ki, istər hakimiyyətdə, istərsə də müxalifətdə elə bir siyasi qüvvə yoxdur ki, xalqa hara getməsinin lazım olduğunu göstərə bilsin. Belə bir proses yoxdur. Elə tutublar ki, biz Qərbə getməliyik. Daha özlərinə sual etmirlər ki, biz qərbə lazımıqmı? Bəli, Ermənistan Qərbə ancaq Rusiyanı zəiflətmək nöqteyi-nəzərdən lazımdır. Unutmayaq ki, Ermənistanda yaşayan ermənilərdən daha çox erməni Qərb ölkələrində yaşayır. Və onlar gəlib Ermənistanda yaşamağı arzu etmirlər.

İkincisi, Köçəryanın həbsi ilə məsələ bitməyəcək. Həbslər davam edəcək. Çünki bunsuz alınmaz. Əvvəla, Ermənistanda ən əsası pul problemi var. Erməni siyasətində zəngin şəxslər azdır. İş o yerə çatıb ki, orada zəngin insanlar siyasətçiləri satın ala bilirlər. Paşinyan da anlayır ki, Köçəryanın pulu, əlaqələri, imkanları var, üstəlik Qarabağ ermənilərindən istifadə edə bilər. Yəni Köçəryanın ölkəyə təsir etmək imkanı var. Məhz bu səbəbdən də Paşinyan Köçəryandan əl çəkməyəcək. Sabah Sərksiyanın da həbsə getmə ehtimalı olacaq. Sonra vəziyyət dəyişəcək, bir başqası hakimiyyətə gələcək, o da Paşinyanı həbs edib dama qoyacaq. Ermənistanda vəziyyət hər zaman gərgin və ağır olub, ancaq indi durum qeyri-adidir və daha ağırdır. Bir daha təkrar edirəm, bu vəziyyəti də onların özü yaradıb. Ruslar özləri deyirlər ki, bunda bizim təqsırımız yoxdur. Əsas məsələ də odur ki, ermənilər heç zaman bir ittifaqda birləşməyəcək, yer tuta bilməyəcək.

- Niyə?

-Çünki tarixən ermənilərin xislətində satqınlıq var. Hamıya etiraz edib, müttəfiqlik etdiyi hər kəsi satıb. Osmanlı ordusunda yüzlərlə erməni zabitləri olub, ancaq sonradan hamısı Osmanlını satdı.

- Demək istəyirsiniz ki, indi də ermənilər Rusiyanı satacaq?

- Artıq ermənilər rusları satıblar. Ermənistan Rusiyadan üz çevirir və bunu açıq-aşkar deyirlər. Putin özü də bunu başa düşür. İndi məsələ elə yerə çatıb ki, rus siyasətçilər bunu ermənilərin üzərinə qaytarır.

- Ermənistanın hava, quru məkanına ruslar nəzarət edir, bu ölkənin nəqliyyat, enerji sahələri tamamilə Rusiyaya bağlanıb. Bu baxımdan Ermənistan Moskvanın nəzarətindən çıxa bilərmi?

- Mənim şəxsi fikrim budur ki, əgər ermənilər Rusiyadan birdəfəlik üz döndərsə, heç bir ay da yaşaya bilməz. Əslində yaşaması mümkündür, amma bu, çətin və ağır yoldur. Əgər Ermənistan Rusiyadan üz döndərdikdən 5-6 ay sonra ciddi yardımlar almasa, bu seçimi edənləri həbs edib dama basacaqlar. Ona görə deyirəm ki, Köçəryanla məsələ bitməyəcək. Bir azdan hakimiyyətə gələn şəxs də indikiləri həbs edəcək.

- Ruslar Paşinyanı devirə bilərmi?

- Məncə, yox. Ritorikaya görə adamı devirmirlər, yürüdülən siyasətə görə devirirlər. Paşinyanın siyasəti ona səbəb olacaq ki, ermənilər deyəcək, ruslarla münasibətimiz əla idi, niyə bu əlaqələri pozdun, bizə problemlər yaratdın. Ermənilərin vəziyyəti çox kirtikdir. Sadəcə təəssüflər olsun ki, bizim orada baş verən hadisələr haqqında müfəssəl informasiyamız olmur.


Müəllif: Cavad

Oxşar xəbərlər