Ermənistan dövlət kimi müstəqil olmadığı üçün ona rəhbərlik edən Baş nazir Nikol Paşinyan və keçmiş prezident Serj Sərkisyan da müstəqil ola bilməzlər. Böyük dövlətlər həmişə Ermənistanın başına öz adamlarını qoyub, onu istədikləri kimi idarə ediblər. Odur ki, Paşinyanla yox, onları idarə edən qüvvələrlə dil tapmaq Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox kömək edərdi.
Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova belə deyib.
Sərkisyanın Rusiyanın adamı olduğunu deyən politoloqun sözlərinə görə, Paşinyan da Qərbin satellitidir:
“Odur ki, biz onların tabe olduğu güc mərkəzlərinin onlara verdiyi təlimat əsasında etdiyi davranışların şahidi oluruq. Nə Sərkisyan, nə Paşinyan heç zaman müstəqil qərarlar verməyib, verə də bilməzlər. Məsələ Ermənistanın “marionet” rəhbərlərinin Qarabağ probleminə yanaşmasında deyil, onların bağlı olduğu xarici dairələrin Ermənistan-Azərbaycan münaqişəsinə dair siyasətindədir.
Onlar da bir qayda olaraq öz maraqlarından çıxış edirlər. Ermənistanda marağı olan dövlətlər elə ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir. Əvvəl Rusiyaya yaxın şəxs hakimiyyətdə idi, indi isə ABŞ-a”.
Nəzakət Məmmədova qeyd edib ki, bir sıra hallarda Paşinyan daxili auditoriya, yaxud ictimai rəy üçün pafoslu çıxışlar edə bilər:
“Lakin mühüm qərarlar İrəvanda yox, başqa güc mərkəzlərində verilir. Bununla belə, onu hakimiyyətə gətirən qüvvələr Rusiya ilə müqayisədə problemin sürətli həllində, regionda status-kvonun dəyişməsində daha çox maraqlı ola bilər. Buna görə də Ermənistanda hakimiyyət dəyişikliyinin Qarabağ münaqişəsinə təsir edəcəyini istisna etmirəm”.