Azərbaycan qədim İpək Yolunun bərpasında, Avropa, Qafqaz və Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasında moderator rolunda çıxış edir. Bu dəhliz istər iqtisadi səmərəlilik, istərsə də mükəmməl infrastruktur baxımından olduqca əlverişli marşrutdur.
Teleqraf.xom xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
O qeyd edib ki, bu marşrutun potensialından səmərəli istifadə etməklə geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə stimul vermək mümkündür:
“Dəhlizin Azərbaycandan keçən hissəsində indiyədək böyük həcmdə iş görülüb və çoxlu sayda layihələr reallaşdırılıb. Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması ilə bağlı layihələrin uğurla reallaşdırılmasında Azərbaycanın regionda qarşılıqlı etimad mühitinin dərinləşməsinə, əməkdaşlığın genişlənməsinə yönələn platformalardan çıxış etməsi mühüm rol oynayır.
Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşuları ilə qarşılıqlı faydalı əlaqələr qurub və münasibətlərin daha da dərinləşməsinə böyük töhfələr verir. Bu baxımdan Azərbaycanın Şərq-Qərb dəhlizinin yaradılmasına və onun funksionallığının artırılmasına verdiyi mühüm töhfələr tərəfdaş ölkələr tərəfindən yüksək qiymətləndirilir”.