Teleqraf.com politoloq Fikrət Sadıqovla müsahibəni təqdim edir.
- Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfəri, Soçidə Prezident Putinlə apardığı danışıqları necə şərh edərdiniz?
- Reallıq odur ki, Azərbaycan-Rusiya münasibətləri indiyə qədər strateji partniyorluq səviyyəsində idi. Lakin dövlət başçımızın son Rusiya səfəri və bir sıra vacib sənədlərə imza atmasından sonra, bu strateji partniyorluq münasibətlərində yeni səhifə, mərhələ açılır. Səfər zamanı bir sıra istiqamətlərdə razılıq əldə edilib, mühüm sənədlər imzalanıb. Söhbət iqtisadiyyat, ticarət, nəqliyyat, humanitar, hərbi-texniki, idman və digər sahələrlə bağlı əldə edilən razılaşmalardan gedir. Bunlar mühüm məsələlərdir. Diqqət etmək lazımdır ki, iki dövlət başçısı arasında yol xəritəsi imzalanıb. Bu, öz-özlüyündə bir sıra istiqamət və sahələri əhatə edir. Hərbi-texniki sahədə tam razılıq əldə edilib. Biz Rusiyadan ən müasir hərbi texnika alırıq. Bu çox mühüm amildir, çünki bizim torpaqlarımız işğal edilib.
İkincisi, Azərbaycan dövlət başçısı görüş zamanı konkret fikir səsləndirdi. Bəyan etdi ki, dünya birliyi tərəfindən Azərbaycan torpaqları kimi tanınan rayonlar erməni işğalı altındadır. Və bu işğala son qoyulmalı, köçkünlər öz evlərinə qayıtmalı, regionda stabillik, təhlükəsizlik əldə olunmalıdır. Prezident qeyd etdi ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməyənə qədər bu problemlər həll edilməyəcək. Dövlət başçımız xüsusilə qeyd etdi ki, bu məsələdə Rusiyanın rolu böyükdür. Çünki Rusiya həm Minsk qrupunun həmsədri, həm bizim şimal qonşumuz və nəhayət, böyük dövlət kimi öz sözünü deməlidir. Mən deməzdim ki, dərhal bütün məsələlər həll ediləcək, amma Rusiyada müəyyən yumşaqlıq hiss olunur. Bu Putinin çıxışlarından da hiss edilir. Çünki anlayırlar ki, Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı dövlətdir, bir sıra layihələrin təşəbbüskarı və həyata keçirən dövlətdir. Nəqliyyat, enerji sahəsində ölkəmiz bir sıra layihələri reallaşdırır. Rusiya da bu işlərə maraq göstərir.
- Sizcə, münasibətlərin dinamik inkişafında dövlət başçıları arasında şəxsi münasibətlər nə dərəcədə rola malikdir?
- Bir reallığı hər kəs qəbul edir ki, dövlət başçıları arasında münasibətlər yaxşı olmasa, dövlətlərarası münasibətlər yaxşı ola bilməz. İlham Əliyevlə Vladimir Putin arasında münasibətlər qarşılıqlı hörmətə söykənir. Bu münasibətlər göz önündədir. Fikir verin, son aylarda Azərbaycan və Rusiya liderləri 3 dəfə görüşüb. Onlar arasında həm dostluq, həm də partniyorluq münasibətləri var, habelə bir-birini qarşılıqlı şəkildə anlamaq və qəbul etmələri hiss olunur. Təbii ki, bu da bütün məsələlərin müsbət formada həll edilməsinə təsir göstərir. Hesab edirəm ki, bu amil olduqca mühümdür və Azərbaycanla Rusiyanın strateji maraqlarına cavab verir.
- Soçi görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə edildi. Görüşün mətbuata açıq hissəsində Azərbaycan prezidenti diqqəti xüsusi olaraq Dağlıq Qarabağ münaqişəsinə çəkdi. Sizcə, Rusiyanın ənənəvi mövqeyində dəyişikliklər gözləniləndirmi?
- Fikrimcə, Rusiya 1990-cı illərin əvvəllərində olan Rusiya deyil. İndi tamamilə başqa mühit yaranıb. Rusiyada anlayırlar ki, Azərbaycan regionda aparıcı oyunçudur, bir sıra genişmiqyaslı layihələrə ev sahibliyi edir, təşəbbüskar ölkədir, tranzit mərkəzə çevrilib. Bu illər ərzində Azərbaycan-Rusiya münasibətləri inkişaf edib, Azərbaycanda rus mədəniyyətinə daima hörmətlə yanaşılıb. Rusiyada bunu diqqətlə izləyir, dərk edir və başa düşürlər. Dediyim kimi, indi Azərbaycan-Rusiya münasibətlərində yeni dövr başlayır. Rusiya rəsmiləri tərəfindən sağlam düşüncəli mövqe nümayiş etdirilir və bu əsas məsələdir. Üstəlik onlar daha aydın görür ki, Ermənistan yoxsul dövlətdir, yeni erməni hakimiyyəti çapalayır, hələ yerini tuta bilmir. Eyni zamanda hazırkı erməni hakimiyyəti Rusiya ilə razılığa gələ bilmir. Bu fonda Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədə inkişaf edir. Bu həm də Azərbaycan liderinin, bizim diplomatiyanın uğurudur. Bilirsinizmi, dünya siyasətində əbədi xarakter daşıyan hadisələr baş vermir, amma taktiki baxımdan mülayim, Azərbaycanın maraqlarına cavab verən şərait yaranırsa, biz bundan istifadə etməliyik. Bir daha qeyd edirəm ki, forpost olaraq Ermənistanın nə təbi ehtiyatı, nə istehsalatı, nə də güclü siyasəti var.
- Bu gün Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti işə başlayıb. Bu sammit haqqında düşüncələriniz nədən ibarətdir?
- Dünyada baş verən hadisələr fonunda türkdilli dövlətlərin bir-birinə yaxın olması mühüm hadisədir. Biz hərbi alyansda olmasaq da, bir-birimizə dayaq olmalı, dəstək verməliyik. Bizim ümumi maraqlarımız var. Bu maraqlar həm iqtisadi, həm də humanitar sahələri əhatə edir.
Eyni zamanda bir sıra aparıcı dövlətlərdə islamafobiyanın yayılması artıq faktdır. Buna qarşı birləşmə, bir-birlərinin maraqlarını nəzərə almaq, birgə layihələr ortaya qoyula bilər. Yəni türkdilli dövlətlər dünyada baş verən bu tip hadisələrə reaksiya göstərə bilər. Baxın, artıq Macarıstan baş naziri də türkdilli dövlətlərin zirvə toplantısında iştirak edir. Çünki anlayır ki, islamafobiya, Avropada baş verən bəzi addımlar həm bizə təhlükə yaradır, həm də Avropa ölkələrinin özünə. Bu mənada sözsüz ki, sammitdə bir sıra ciddi məsələlər müzakirə ediləcək. Bundan sonra türkdilli dövlətlər arasında münasibətlər, yaxınlaşma daha sıx olacaq.