ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Tacikistana səfir vəzifəsinə namizədlərini Senata təqdim edib. Maraqlı olan Trampın Azərbaycana səfir göndərmək istədiyi şəxslə bağlı məqamlardır.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib.
O qeyd edib ki, Donald Trampın ölkəmizdə səfir postunda görmək istədiyi diplomat ABŞ Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə baş müşaviri Erl Litsenbergerdir:
“Litsenbergerin rəhbərlik etdiyi Hərbi-Siyasi Məsələlər üzrə Büro ABŞ Dövlət Departamentinin ürəyi sayılır. O ən çətin bölgələrdə – Əfqanıstan, Serbiya, Qırğızıstan, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdə diplomatik xidmətdə olub. Kifayət qədər təcrübəli diplomat olan Litsenberger bir müddət ABŞ dövlət katibinin I müavini səlahiyyətini də icra edib.
ABŞ mediası bir müddət əvvəl onun prezidentin hərbi-siyasi məsələlər üzrə müşaviri və ya NATO-da ABŞ nümayəndəliyinin rəhbəri təyin ediləcəyi barədə məlumatlar yaymışdı. Görünür, Birləşmiş Ştatlar mediası Litsenbergeri layiq hesab etdiyi üçün onun belə mühüm vəzifəyə namizədliyini versiya kimi irəli sürmüşdü”.
Əmrəliyev qeyd edib ki, Donald Trampın belə önəmli diplomatı Azərbaycana səfir göndərmək niyyəti Azərbaycanda öz siyasətini gücləndirmək istəyi və ölkəmizə xüsusi önəm verməsindən irəli gəlir:
“Digər tərəfdən görünür, Azərbaycanda son zamanlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı səsləndirilən fikirlər də rəsmi Vaşinqtonu ciddi qayğılandırıb. Nəticədə Vaşinqton belə önəmli bir diplomatı ölkəmizə göndərir. ABŞ hər vəchlə Azərbaycanla sıx əlaqələrə can atır. Mühüm enerji layihələri icra edən Azərbaycan İran və Rusiya ilə qonşuluğuna görə də strateji əhəmiyyətli bir ərazidədir. Ölkəmiz həmçinin, ABŞ-ın Əfqanıstan siyasətində də önəmli rol oynayır”.
Qeyd edək ki, E.Litsenberger yalnız Senat tərəfindən təsdiq edildikdən sora səfir kimi fəaliyyətə başlaya biləcək.