Prezident İlham Əliyevin Xorvatiya, Rusiya və Qırğızıstana səfəri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa söykənən, bir-birinin daxili işlərinə qarışmamaq siyasətinə əsaslanan xarici siyasət kursu həyata keçirir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət balanslı, çoxvektorlu və tarazlaşmış siyasət kimi xarakterizə olunur. Azərbaycan Prezidenti İlham Əliyev isə həmin siyasətə çeviklik və dinamizm gətirib. Bunun sayəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmlənib, ölkəmizin tərəfdaşlarının sayı artıb və beynəlxalq nüfuzu daha da güclənib. Prezident İlham Əliyevin Xorvatiya, Rusiya və Qırğızıstana səfərləri bunu bir daha təsdiqlədi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Diqqəti Prezident İlham Əliyevin Xorvatiyaya səfərinin yekunlarına yönəldən politoloq deyib ki, ölkələrimiz fundamental məsələlərdə ortaq yanaşma xəttinə malikdirlər və bunun sayəsində münasibətlərimiz strateji xarakter alıb:
“Bu səfər göstərdi ki, siyasi dialoq sayəsində əlaqələrimiz kifayət qədər intensiv inkişaf edir. Belə ki, 2013-cü ildə də Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyaya rəsmi səfər etmişdi. Məhz həmin səfər çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi, müdafiə sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb. Bu sənədlər göstərir ki, Azərbaycan və Xorvatiyanın ikitərəfli və çoxtərəfli məsələlərlə bağlı mövqeləri bir çox hallarda üst-üstə düşür”.
Politoloq qeyd edib ki, Azərbaycan və Xorvatiya arasında iqtisadi əlaqələrin geniş potensialı var və bundan daha səmərəli istifadə etmək lazımdır:
“Həmçinin, bu səfər göstərdi ki, iki dövlət arasında təkcə enerji sahəsində deyil, eyni zamanda, qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün möhkəm zəmin yaranıb. Xüsusilə də kənd təsərrüfatı, nəqliyyat, turizm, gəmiqayırma, əczaçılıq və digər sferalarda inkişaf üçün yaxşı baza mövcuddur. Danışıqlar prosesində Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, ölkəsinin əczaçılıq sahəsində çox böyük imkanlar var və Azərbaycanla bu sahədə əməkdaşlıq nəzərdə tutulan əsas məsələlərdən biridir. Bu əməkdaşlıq sayəsində Xorvatiya Mərkəzi Asiya regionuna və bütövlükdə Xəzər dənizi regionuna çıxa bilər ki, bu da iqtisadiyyat üçün vacib məsələlərdən biridir. Xorvatiya Prezidenti, həmçinin deyib ki, Azərbaycan gəmiqayırma sahəsində çox geniş imkanlara malikdir və artıq altı gəminin burada sifariş verilməsinə dair müzakirələr aparılır. Bundan başqa, ölkələrimiz informasiya texnologiyaları sahəsində də əməkdaşlıq edə bilər”.
E.Nəsirov bildirib ki, Xorvatiya neft və qaza tələbatının təxminən 50 faizini idxal hesabına ödəyir:
“Bu nöqteyi-nəzərdən Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. Belə ki, Azərbaycanın təşəbbüskarı olduğu “Cənub Qaz Dəhlizi” layihəsi 7 ölkəni birləşdirir. Yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Təbii ki, Xorvatiya da bu qlobal layihədən yararlanmaq istəyir. Bu ölkə Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantılarında iştirak edir. Bununla əlaqədar iki ölkə arasında müvafiq memorandum imzalanıb. Həmçinin İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılır.
Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, təkcə ikitərəfli sferada deyil, eyni zamanda Avropa İttifaqı, NATO çərçivəsində də əlaqələrimiz inkişaf edir. Xorvatiya 2009-cu ildən NATO-nun, 2013-cü ildən isə Avropa İttifaqının üzvü olduğundan Azərbaycanın bu qurumlarla əməkdaşlığının genişlənməsində müsbət rol oynaya bilər.
Hər iki dövlət başçısının çıxışında əsas fikir o idi ki, müzakirə edilən məsələlərlə bağlı ümumi yanaşmalarımız var. Məhz bunu əsas götürərək Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bizim münasibətlərimiz strateji yönümlüdür. Dövlətimizin başçısı qarşılıqlı investisiya qoyuluşu məsələlərinə xüsusi önəm verilməsini və əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma sahələrində bütün istiqamətlər üzrə yaxşı nəticələr olacağına əminliyini bildirib, eyni zamanda, humanitar əlaqələr məsələsinə də diqqət ayırıb.
Xanım Kolinda Qrabar-Kitaroviç vurğulayıb ki, Xorvatiya güclü iradəyə əsaslanaraq, Cənub və Mərkəzi Avropa ölkələri ilə Xəzər hövzəsi arasında daha geniş əməkdaşlıqda maraqlıdır. Azərbaycanın da dəstəklədiyi bu təşəbbüsdə dünyanın müxtəlif şirkətləri iştirak edə bilər. Buxarestdə 2018-ci ilin sentyabrında bununla bağlı Zirvə görüşünün keçirilməsi planlaşdırılır. Bu prosesdə Xorvatiya həlledici tərəflərdən biri kimi çıxış edəcək”.
E.Nəsirov bildirib ki, artıq Şərqi və Mərkəzi Avropa ölkələrinin Xəzər regionuna olan marağı diqqətdən yayınmır. Xəzər regionunda isə əsas həlledici qüvvələrdən birinin Azərbaycan olduğu da həqiqətdir:
“Xorvatiya Prezidentinin çıxışında bu fikirlər tez-tez səslənirdi. Bu gün münasibətlərimiz elə səviyyədədir ki, artıq Xorvatiyanın Azərbaycanda səfirliyinin açılmasının vaxtı çatıb və Xorvatiya tərəfi bu barədə qərar qəbul edib.
Azərbaycan-Xorvatiya münasibətləri həm siyasi dialoq, həm iqtisadi əməkdaşlıq, humanitar əlaqələr, müdafiə, enerji təhlükəsizliyi, qeyri-neft sektoru sahələrində dinamik inkişafa malikdir. Bu səfər həmin əlaqələrin daha yüksək zirvəyə qalxmasında yeni səhifə açacaq”.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin bundan öncə Rusiyaya və Qırğızıstana səfərləri ölkəmizin fəal xarici siyasət yürütdüyünü göstərir:
“Bu, bizim çoxvektorlu siyasətimizin təntənəsidir. Prezident İlham Əliyevin dünyanın nəhəng dövlətlərindən biri olan Rusiyaya səfəri zamanı mühüm sənədlər imzalanıb və onların bir çoxu ikitərəfli münasibətlərimizin yol xəritəsi adlandırıla bilər. Qırğızıstana səfər isə türkdilli ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədinə xidmət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu bizi hədəflərimizə hər ötən gün daha da yaxınlaşdırır. Ən böyük hədəflərimizdən biri Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmaqdır. Bu səfərlər, imzalanmış sənədlər bir daha göstərdi ki, həmin hədəfə çatmaq bizim üçün heç də uzaq perspektiv deyil”.