Suriya və Ukraynada mövzusunda başda ABŞ olmaqla Qərb dövlətləri ilə qarşıdurma vəziyyətində olan Rusiya “Soyuq müharibədən” sonra öz tarixində ən böyük hərbi təlimlərə start verib. Sibirdən Sakit okeana qədər geniş bölgəni əhatə edən “Şərq-2018” hərbi təlimlərində 297 min hərbçi, 1000-dən çox təyyarə, helikopter və dronlar, 36 min tank və zirehli texnika, Rusiya hərbi donanmasının 80 gəmisi iştirak edir. Bu haradasa Rusiya ordusunun üçdə birinin hərbi təlimi mənasını daşıyır. Sonuncu dəfə belə böyük miqyaslı hərbi təlimlər SSRİ dövründə - 1981-ci ildə “Şərq-2018” adı ilə keçirilib. Bu dəfə keçirilən təlimlərə Çin dövləti 3200 hərbçi ilə qatılıb.
Teleqraf.com Sibirdən Sakit okeana qədər geniş ərazini əhatə edən böyük hərbi təlimlər, onun məqsədi və məramları mövzusunda hərbçi ekspert Azad İsazadə ilə müsahibəni təqdim edir:
- Azad bəy, Rusiya son 30 ildə ən böyük hərbi təlimlərinə start verib. Bu təlimi keçirməkdə məqsəd nədir?
- Hər bir təlim bir neçə məna daşıyır və bunlar mesaj xarakterli olur. Bu mesajlardan biri güc nümayişidir. Göstərilir ki, mənim gücüm var.
İkincisi, hər bir təlimin özünün ssenarisi olur. Bu ssenariyə əsasən, qonşu dövlətlər görür ki, hadisələr hansı versiyalar əsasında inkişaf edə bilər.
Praktiki olaraq hərbi təlimlər şərqdə keçirilir. İki hərbi dairə və iki donanma bu təlimlərə cəlb olunub. Doğurdan da “Şərq-2018” masştabına görə, çox böyük təlimdir. Üstəlik hərbçilərdən əlavə ehtiyatdan olan hərbi qulluqçular da təlimə çağırılıb.
Digər tərəfdən, iki hərbi donanma bu təlimdə yerlərini dəyişir və özlərinə tanış olmayan ərazilərdə təlimə cəlb olunur. Sakit okean donanması şimala, Şimal donanması isə Uzaq Şərqə gəlib oradan təlimə başlayacaq. Quru qoşunlar da özünə tanış olmayan ərazilərdə təlimə cəlb edilir. Bütün bunlar göstərir ki, “Şərq-2018” təlimi birbaşa ABŞ-a qarşı yönəlib və mesaj da ona verilir.
- Çinin hərbi təlimlərə qoşulması nədən xəbər verir?
- Çinin bu təlimlərə qoşulması yeni situasiyadır. Fikrimcə, bu da ABŞ-a mesajdır. Birinci nəzərə alaq ki, bu təlimlər faktiki olaraq ABŞ sərhədləri yaxınlığında - Uzaq Şərqdə keçirilir. Mesaj verilir ki, dünyanın iki mühüm dövləti, iki ordusu ABŞ sərhədləri yaxınlığında əməliyyat keçirə bilər. Buna qədər Rusiya təlimlərinin çoxunu Avropa regionunda keçirirdi. Bir təlim şimalda - Arktikada keçirilib. O zaman Arktikada neft yataqlarına yaxın ərazidə keçirilən təlim də güc nümayişi idi. Ancaq əsas təlimlər Avropa sərhədləri yaxınlığında olurdu. Bu zaman nəzərə alınırdı ki, Qərb-Rusiya qarşıdurması əsasən, Avropada ola bilər. İndi Rusiya təlimləri Uzaq Şərqdə keçirməklə açıq mesaj verir ki, biz Amerika sərhədləri yaxınlığında hərbi təlimlər keçirmək gücünə sahibik.
- Sizcə, ABŞ Rusiyanın bu mesajlarına qarşı hansı cavab tədbirləri həyata keçirə bilər?
- Hesab edirəm ki, ABŞ Rusiyanın verdiyi mesajların nədən ibarət olduğunu bilir. Sözsüz ki, ABŞ tərəfi bu təlimləri havadan, qurudan və sualtı qayıqlar vasitəsilə ciddi müşahidə edəcək, bunun kəşfiyyatı da aparılacaq. Adətən cavab kimi buna qarşı təlimlər keçirilir.
- Ehtimal edirsiniz ki, yaxın aylarda ABŞ “Şərq-2018”ə qarşı cavab təlimləri keçirəcək?
- Böyük ehtimalla ABŞ təlim keçirəcək. Yəqin ki, ABŞ, Yaponiya, Cənubi Koreya, habelə Sakit okeanda olan ada dövlətlərinin iştirakı ilə təlim keçirilə bilər.
İkincisi, unutmayaq ki, “Şərq-2018” hərbi təlimləri başlamazdan öncə Şimali Koreya ilə Rusiya arasında danışıqlar aparılıb. Matviyenko Pxenyana səfər etdi, Kim Çen İn prezident Putinə müraciət etdi. Ola bilsin ki, ruslar ABŞ-a “biz Şimali Koreyaya qarşı əməliyyat keçirməyə imkan verilmərik” müsajı verir.
- Müşahidələr göstərir ki, dünyada ciddi silahlanma prosesi gedir, müasir silahların yaradılmasına milyardlar xərclənilir, daha sonra güc nümayişi məqsədilə hərbi təlimlər həyata keçirilir. Bu proses hansı nöqtəyə qədər inkişaf edəcək?
- Məşhur ifadə var: teatrda birinci aktda divardan tüfəng asılıbsa, üçüncü aktda atəş açılmalıdır. Sözsüz ki, bu silah və güc nümayişi, hədə qorxu, xox gəlmək təkcə Rusiya ilə bağlı deyil. Son dövrlər ABŞ da hamıya xox gəlir. Sonda tərəflərdən birinin səbri dözməsə və emosional reaksiya göstərsə, bu, qarşıdurmaya və müharibəyə gətirib çıxara bilər. Bu realdır.
- ABŞ Müdafiə Nazirliyinin büdcəsi 614 milyard dollardır. Bu faktiki olaraq Rusiya dövlət büdcəsi qədərdir. Bu mənada Rusiyanın Amerika hərbi sənayesinin qarşısında durmaq üçün potensialı varmı?
- Rusiyanın belə bir potensialı yoxdur. Resurs baxımından Rusiya ABŞ-a uduzur. Ancaq burada başqa niyyətlər də ola bilər. Məsələn, hədə-qorxu gəlməklə qonşu ölkələri məcbur edir ki, onunla iqtisadi müttəfiq olsun. Xox gəlməklə ümid edilir ki, sanksiyaları götürməyə nail ola bilər. Sabah mən başladım müharibəyə, gəlin, məni sakitləşdirin. Loru dillə desək, sakitləşdirmək üçün pul lazımdır. Faktiki hədə gəlməklə ümid edirlər ki, bəlkə iqtisadi vəziyyətdən çıxmaq mümkün oldu. Rusiyada iqtisadi böhran var və üzləşdiyi sanksiyalar böhranı bir qədər də dərinləşdirib.
- Rusiya hərbi vasitələrə əl ataraq vəziyyətdən çıxa bilərmi?
- Bunu gələcək göstərər. Mən inanmıram. Zamanında SSRİ də dünyaya hədə-qorxu gəlirdi, amma aqibəti hər kəsə aydındır. Mən inanmıram, ancaq olanda da olacaq. SSRİ dağılana qədər Əfqanıstanda müharibə başladı, Polşada qarşıdurma yarandı. Dağılma ərəfəsində Azərbaycanda, Gürcüstanda, Pribaktikada qan töküldü, müharibələr oldu. Aydındır ki, məsələ silahla həll edilmir. Istər-istəməz danışıqlar olmalıdır. İndi baxaq görək, həyat nələri ortaya qoyacaq.