Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Rusiya-Azərbaycan regionlararası forumunun keçirilməsinə həsr olunacaq və iki dövlətin əməkdaşlığının çoxtərəfliyinin sübutu olacaq.
Bunu "Vestnik Kavkaza" agentliyinə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov deyib.
Agentlik qeyd edir ki, Vladimir Putinin səfəri Rusiya və Azərbaycan münasibətlərində iqtisadiyyatın birinci plana çıxmasını göstərəcək.
"İqtisadi əlaqələrin aktivləşdirilməsi üçün istiqamətlərdən biri Xəzərdə əməkdaşlıqdır. Bir ay öncə imzalanan Konvensiya iqtisadi transsərhəd əməkdaşlığının istiqamətləri toplusunu özündə əks etdirir. Həmçinin söhbət ölkələrimizin nəqliyyat infrastrukturunun fəal istifadəsindən gedir".
Umaxanov həmçinin qeyd edib ki, Konvensiya eyni zamanda siyasi əlaqələrin möhkəmləsi üçün bünövrədir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri sentyabrın 25-nə planlaşdırılıb.