Ermənistanın Baş naziri Nikol Paşinyanın Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət etməyə cəhd göstərməsi, bu demək idi ki, o, Dağlıq Qarabağ münaqişəsini həll etmədən nə daxili, nə də xarici siyasətdə uğur əldə edə bilməyəcəyini başa düşüb.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Politoloq Ermənistanın ciddi siyasi-iqtisadi problemlərinin olduğunu diqqətə çatdırıb:
“Bu problemlərin hamısı bir-birinə bağlıdır. Çünki Ermənistan blokada vəziyyətindədir və bu, ölkənin siyasi-iqtisadi cəhətdən tənəzzülə uğramasının əsas səbəbidir. Başqa sözlə, Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması Ermənistana baha başa gəlir. Blokada vəziyyətində qalması Ermənistanı regionda reallaşdırılan beynəlxalq layihələrdən və Avropadan kənarda saxlayır. Yaranmış vəziyyətin ağırlığını başa düşən Paşinyan Azərbaycanla danışıqlar aparmaq fikrinə düşüb. O, indi problemlərin həllini Azərbaycanla münasibətlərin qaydaya salınmasında görür.
Hesab edirəm ki, Azərbaycan Rusiyanın xahişi ilə Paşinyana son şans verib. Əlbəttə, prosesin yenidən müzakirə istiqamətinə çevrilməsi müsbət haldır. Bu mərhələdə ən vacib məsələ budur ki, Paşinyan danışıqlarda üçüncü tərəfin yox, Ermənistanın iştirak edəcəyini qəbul etdi. Bu isə Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsinin qəbul olunmasıdır”.
Ramiyə Məmmədova Ermənistan baş naziri və işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların lideri Bako Saakyan arasında baş tutmuş telefon danışığına da toxunub:
“Paşinyan sosial şəbəkədə Saakyanla telefonla danışdığını dedi. Bildirdi ki, danışıqlar davam etdiriləcək. Paşinyan eyni zamanda, Saakyanın da onunla razılaşdığını diqqətə çatdırdı. Bu isə o demək idi ki, separatçıların özlərinin də danışıqlar masasının arxasında oturmağa niyyətləri yoxdur.
Başqa sözlə, yaxın gələcəkdə keçiriləcək danışıqlar prosesində Paşinyanın əsl niyyətinin nə olduğunu biləcəyik”.