3 Oktyabr 2018 08:35
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclası çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanın təkidi əsasında Prezident İlham Əliyevlə baş tutan dialoqda bir neçə məsələdə razılaşmalar Qarabağ konfliktinin həllində yeni mərhələyə gətirə bilər.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, N.Paşinyanın BMT tribunasından Azərbaycan əleyhinə hədyan və qeyri-konstruktiv bəyanatlarından bir neçə saat sonra Düşənbədə əvvəlki ritorikanın əksinə olaraq Prezident İlham Əliyevlə razılaşması, hətta operativ rabitə əlaqəsinin yaradılması barədə təklifi onun əvvəlki bəyanatlarının daxili auditoriyaya hesablandığını və Qarabağ klanını saktləşdirmək üçün siyasi gedişlər olduğunu göstərir:
“Gedən prosesdən bu nəticə hasil olur ki, Paşinyan bundan sonra Rusiyanın iştirakı olmadan, birbaşa Azərbaycan rəhbəri ilə danışıqlar aparmaq niyyətindədir. Onun Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirak etməsi kimi şərtləri artıq gündəmə gətirməyəcəyi məlum oldu. Paşinyan bununla etiraf etdi ki, Ermənistan tərəfi işğalçı və əsas tərəfdir”.

M.Əsədullazadə hesab edir ki, əgər İrəvanla-Bakı arasında operativ əlaqə olacaqsa, tərəflər razılaşarsa, ATƏT-in Minsk Qrupunun bundan sonrakı fəaliyyətinə ehtiyac yoxdur:

“ATƏT-in Minsk Qrupu 20 il ərzində yalnız münaqişəni öz inhisarında saxlayaraq status-kvonu qoruyub saxlayıb. Bundan əlavə hazırda bu formatda həmsədr olan ABŞ və Rusiya arasında davam edən soyuq münasibətlər iki ölkənin bir formatda qarşılıqlı anlaşmaya gələcəyini qeyri-mümkün edir. Hər iki tərəf münaqişənin həlli ilə bağlı ayrı-ayrı planlara malikdir. Bundan əlavə ABŞ, Rusiya və Fransa bu formatda münaqişəni öz maraqlarına uyğun həll etməyə çalışacaqlar. Bu da münaqişənin növbəti nizamlanmasını bir neçə il əngəlləyəcək”.

Siyasi şərhçi əlavə edib ki, Bakı və İrəvan arasında operativ əlaqə üçüncü ölkənin iştirakı olmadan substantiv danışıqlara gətirəcəksə, Minsk Qrupundan çıxmaq üçün Azərbaycan və Ermənistan bəyanatla çıxış etməli, artıq bu formatın fəaliyyətinə ehtiyac qalmadığı qeyd etməlidirlər:

“Minsk qrupu çərçivəsində danışıqlar davam edərsə, iki ölkə arasında ziddiyyətlər yenidən davam edəcək. Məhz Azərbaycan tərəfi Ermənistanın yeni rəhbərliyinə şans verməklə, danışıqların substantiv və real irəliləyişə söykənə biləcəyi situasiyaya şərait yaratdı. Nikol Paşinyan verilən bu şansdan istifadə edərək, ilk növbədə ölkəsində Rusiyanın dayaqlarını zəiflətməli və ictimaiyyəti Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına hazırlamalıdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər