3 Oktyabr 2018 20:15
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin separatçılığı və etnik təmizləməni təşviq edən deputatı Eleni Teoxarusun Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qondarma “Dağlıq Qarabağ Respublikası”na dəstək nümayiş etdirməsi ikili standartların göstəricisidir.

Bunu Teleqraf.com-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi şərhçi Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, bu fakt Avropanın bəzi təşkilatlarının nümayiş etdirdiyi ədalətsizlikdən xəbər verir:

“Avropa Parlamentində bu cür üzvlərin olması utancverici bir haldır. Ümumiyyətlə Avropa Parlamentinin bəzi ölkələrə ikili yanaşma nümayiş etdirməsi, hesab edirəm ki, ədalətsizliyin və ikili standartların nümunəsidir. Bu birmənalı şəkildə həmin deputatların xarakterini, əsl xislətini ortaya qoyan amillərdəndir”.

V.Rəhimzadə hesab edir ki, Avropa Parlamenti üzvünün bu addımı həm də beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir:

“Bunlar bir çox hallarda anti-Azərbaycan qüvvələrlə əlaqəli işləyən insanlardırlar. Hesab edirəm ki, bu cür hallar çaşdırıcı hadisələr olmaqla yanaşı, eyni zamanda anti-Azərbaycançı mövqe, ermənipərəst qüvvələrin, erməni diasporunun əlində bir alətə çevrilməkdir. Bu insanlar öz şəxsi düşüncələri ilə bərabər kimlərinsə sifarişlərini icra edirlər. Bu hallar birinci dəfə deyil. Düşünürəm ki, bunlarla bağlı Azərbaycanın aidiyyatı qurumları öz qətiyyətli mövqelərini ortaya qoymalıdırlar. Ümumiyyətlə o insanların Avropa Parlamentində qalıb-qalmaması məsələsinə baxılmalıdır. Əgər Avropa Parlamenti haqq-ədalətdən, demokratiyadan, qanunun aliliyindən danışırsa bunu da düşünməlidirlər”.

Qeyd edək ki, Avropa Parlamentinin Kiprdən olan deputatı Eleni Teoxarus Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edib və bunun nəticəsində adı ölkəyə girişi “arzuolunmaz şəxslər siyahısına” daxil edilib. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

E.Teoxarus 2009-cu ildən etibarən AP-də Avropa Xalq Partiyası siyasi qrupunun üzvü qismində fəaliyyətə başlayıb. 2016-cı ildə Kiprdə özünün Millətçi Həmrəylik Hərəkatı Partiyasını qurub. Radikal millətçi baxışları ilə seçilən bu deputat öz fəaliyyətinin əsas hədəfi kimi məhz anti-Türkiyə istiqamətini müəyyən edib. Hələ 1990-cı illərdən həkimlik fəaliyyəti çərçivəsində Ermənistan və erməni lobbiçilik torunun alətinə çevrilən deputat ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “humanitar missiya” fəaliyyəti altında cərrahiyyə əməliyyatları həyata keçirib və bu xidmətlərinə görə “Dağlıq Qarabağın şərəf qızıl medalına” layiq görülüb.

Diqqət cəlb edən bir məqam da ondan ibarətdir ki, AP üzvü qismində üçüncü tərəf vasitəsilə maliyyələşdirilən tədbirlərdə iştirakına dair açıqlama vermək məcburiyyətində olan E.Teoxarus bu günədək Azərbaycanın işğal edilmiş ərazilərinə çoxsaylı səfərlər etməsinə rəğmən AP-nin rəsmi internet səhifəsində yalnız 2017-ci ilin fevral ayında Dağlıq Qarabağda keçirilən qondarma “referendumda” iştirakla bağlı səfərinə dair bəyanat yerləşib. Onun qanunsuz səfərlərinin hər biri Avropa Parlamentinin üzvü mandatından sui-istifadə etməklə həyata keçirilib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər