Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin ilk dəfə deyil ki, Ermənistanın işğalçılıq siyasətini və erməni separatizmini dəstəklədiyini nümayiş etdirir. Hər şeydən öncə belə mövqe Zatulinin təmsil olunduğu siyasi fraksiyanın və Rusiyanın rəsmi siyasi mövqeyinə ziddir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, Azərbaycan və Rusiya qədim tarixi kökə malik olan tərəfdaşlardır:
“Hazırda iki ölkə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Əgər regionda Azərbaycan və Rusiyanın qarşılıqlı əlaqələri və təhlükəsizliklə bağlı ortaq tədbirləri olmasa, regional təhlükəsizlikdən və hər iki ölkənin birgə təhlükəsizliyindən söhbət belə gedə bilməz. Elə bu yaxınlarda MDB Dövlət Başçıları Şurasının Düşənbə şəhərində keçirilən iclasında bir daha MDB ölkələrinin təhlükəsizliyinin təmin olunması, iqtisadi əlaqələrin dərinləşdirilməsi, humanitar, mədəni və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu. Rusiya Prezidenti Vladimir Putinin bu kimi məsələləri dəstəklədiyi bir vaxtda Zatulinin belə məsuliyyətsiz açıqlamaları həm də Rusiyanın rəsmi siyasətinin əleyhinə olan açıqlama kimi dəyərləndirilməlidir. Çünki Rusiya Federasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemlərinin həll olunması üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi fəaliyyət göstərir. Çox təəssüf ki, Zatulin bunları nəzərə almadan sadəcə erməni lobbisinin təsiri altında separatçıları dəstəkləməkdə davam edir”.
H.Babaoğlu qeyd edib ki, K.Zatulin vaxtilə qondarma Dağlıq Qarabağ Respublikasının təşkil etdiyi siyasi şouda da siyasi müşahidəçi kimi iştirak etmişdi və yenə işğalçıları dəstəkləyən bəyanatlar vermişdi:
“Yaxşı olardı ki, Zatulin Ermənistanda və Dağlıq Qarabağda olarkən, orada soydaşlarının olub-olmaması ilə də maraqlanaydı. Onlar necə yaşayırlar və rus dilinə və mədəniyyətinə münasibət necədir? Axı Zatulinin Dövlət Dumasında tutduğu vəzifələrdən biri də Rusiyadan kənarda yaşayan soydaşlarla əlaqələr üzrə komitə sədrinin müavini olmasıdır. Mən əminəm ki, axtarsa belə nə Qarabağda, nə də Ermənistanın əksər ərazilərində bir dənə də olsun rus millətinin nümayəndəsini tapa bilməzdi. Rus mədəniyyətinə və rus dilinə münasibətə gəldikdə isə, ermənilərin bu mədəniyyətə və dilə qarşı necə aqressiv yanaşdıqlarını müşahidə etmiş olardı. Çünki Qaregin Njde kimi nasistə heykəl ucaldan ölkədə rus tapmaq olduqca çətindir. Hazırda Ermənistan öz işğalçılıq siyasətinə Rusiyadakı Zatulin kimi adamlardan dəstək almaqla bəraət qazandırmağa və çalışır”.
Deputat daha sonra deyib:
“Yaxşı olardı ki, Zatulin ilk növbədə Rusiyanın həqiqi dostu və müttəfiqinin kim olduğunu nəhayət, dərk etsin və öz mövqeyini həqiqətən rus xalqının maraqları ilə uzlaşdıra bilsin. Son dövrlərdə Rusiya-Azərbaycan münasibətləri daha da dərinləşir. Bu yaxınlaşma heç şübhəsiz, regionda iqtisadi inteqrasiyanı gücləndirməklə, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunması üçün yeni şərtlər formalaşdırır. Görünür, Zatulinin bu cür təxribaçı bəyanatlar verməsinə səbəb də onun ermənipərəst mövqeyidir. Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşması və problemlərinin həll olunmasını istəmir. Əlbəttə ki, zatulinlər Rusiya Federasiyasının rəsmi siyasətini müəyyən edən şəxslər deyil. Rusiya-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edəcək və regionda ədalətli və qalıcı sülhün bərqərar olması üçün iki ölkə əlindən gələni edəcəkdir”.