18 Oktyabr 2018 20:08
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edir:

- Sərdar bəy, Sizcə, jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülməsi faktının arxasında hansı məqsədlər dura bilər?
- Öncə qeyd edim ki, son dövrlər ABŞ-la Səudiyyə Ərəbistanı arasında fikir ayrılıqları yaranıb. Bundan qabaq, Kanada ilə Səudiyyə Ərəbistanı arasında ciddi konflikt yaranmışdı. Açığı, Səudiyyədən küllü miqdarda maliyyə vəsaiti istəyirlər. Səudiyyə də bunu vermək istəmir. Odur ki, Səudiyyənin ətrafında tor hörülür. Qaşıqçının öldürülməsi də bununla bağlıdır. Səudiyyəni məcbur edirlər ki, ABŞ-ın tələb etdiyi maliyyə vəsaitini versin. Məsələn, türk mətbuatı yazır ki, Səudiyyə kürdlərə 500 milyon dəyərində yardım etməlidir. Eləcə də çalışılır ki, Səudiyyə ABŞ-dan daha çox silah alsın və s. Bu baxımdan son hadisə Səudiyyənin maliyyə resursları ilə bağlı oyundur. Məqsəd Səudiyyədən pul çəkməkdir. Yoxsa bu coğrafiyada 1947-ci ildən bu yana ABŞ-ın siyasətini açıq formada və konkret şəkildə müdafiə edən tək müsəlman dövləti Səudiyyə Krallığıdır. Yəhudilərlə əməkdaşlıq edən Səudiyyədir. İslam birliyini pozan Səudiyyədir. Vəhhabiliyin mənbəyi Səudiyyədir. Hansı ki, vəhhabilik dünyada islamı nüfuzdan salır, dünyanı islama qarşı qaldırır və müsəlman xalqlarını üz-üzə qoyur. Yəni Səudiyyə Krallığının yaranması təkcə siyasi məsələ deyildi, bu, həm də həmin ölkənin mədəniyyətlərarası toqquşmada xristian aləminin əlində maşaya çevrilməsi idi. Buna da nail olundu. Səudiyyənin hərbi sahəsi ABŞ-ın nəzarəti altındadır. Orada baş verənlər ABŞ-ın razılığı ilə həyata keçirilir. Baxmayaraq ki, ABŞ demokratik dövlətdir, amma krallığa belə yaxşı münasibət bəsləməsinin kökündə yuxarıda qeyd edilən məqamlar durur. Bir sözlə, Səudiyyənin enerji resurslarından istifadə etmək və onun islam daxilində pozucu rolundan bəhrələnmək. ABŞ üçün daha cəlbedici olanı bu amillərdir.

- Sözünüzdən belə çıxır ki, jurnalistin ölümündə ABŞ-ın rolu var...
- Açığını deyim ki, ABŞ-ın bilmədiyi və xəbəri olmadığı çox az hadisələr var. Ən azı ABŞ-ın xüsusi dairələrində Qaşıqçıya qarşı Səudiyyə tərəfindən nələrinsə hazırlandığına dair informasiya olub. Əslində ABŞ-da belə məlumatın olmaması mümkün deyil. Çünki ABŞ həm dostları, həm də düşmənləri üzərində kifayət qədər nəzarət həyata keçirir. Amma görünür ki, prosesin başa çatması ABŞ-ın maraqlarına uyğundur. Prezident Tramp bəyan etdi ki, biz bu hadisəyə görə, Səudiyyəni ciddi cəzalandıracağıq, buna görə cavab verməlidirlər. Cəzalandırmaq nədir? Səudiyyəni iqtisadi baxımdan yükləyəcəklər. 10-50 milyard pulunu alacaqlar və boynuna da ciddi öhdəliklər qoyacaqlar. Jurnalistin qanı da ortada batıb gedəcək.

- Bir qədər geniş götürsək, söhbət yalnız jurnalistin amansızcasına qətlindən getmir. Diqqət edəndə görürük ki, Krımda 18 nəfər tələbə güllələnir, Ukraynada terror hadisələri baş verir, Əfqanıstanda hər gün partlayışlar yaşanır, Suriyada insan ölümü milçək ölümünə bərabərləşdirlir. Dünya nədən bu qəddarlığa yuvarlanıb?
- Dünyada demokratiyanın tənəzzülü yaşanır. Demokratiya geri çəkildikcə, onun boşaltdığı sferanı anti-demokratik rüşeymlər doldurur. Təbii ki, BMT-nin nüfuzunun aşağı düşməsi, beynəlxalq hüququn işləməməsi, ümumiyyətlə, böyük dövlətlərin xarici siyasətdə güc tətbiq etməsi kiçik qüvvələrin də gücə meyl etməsinə səbəb olur. Artıq müasir dünyada qeyri-zorakı mübarizə demək olar ki, aparılmır. Hər yerdə zorakılıq ön plana çəkildiyi üçün Səudiyyə Ərəbistanı kimi ölkələr də zorakılıqdan istifadə edir. ABŞ ancaq zorakılıqla dünya problemlərini həll etmək istəyirsə və ya zorakı Ermənistan dəstəklənirsə, təbii ki, bu digər qüvvələrin zorakılığa təşviq edilməsinə səbəb olur. Yəni bunun səbəbi əslində böyük dövlətlərin hərəkətləridir.

- Azərbaycan müxalifətində siyasətçilər yenidən bir-birini ittiham etməyə başlayıb. Bu haradan qaynaqlanır?
-Mən hazırda məqalə yazıram. Bizim niyə məğlub olmağımızın səbəblərini izah etməyə çalışacam. Orada müxalifətinin psixoloji durumuna xüsusi bir bölmə ayırmışam. Əslində müxalifət fiziki zorakılıq yolu seçməsə də, psixoloji-zorakı mübarizə yolu seçib. Müxalifətin söyüş söyməsi, rəqiblərinə böhtan atması, birləşmədən qaçması əslində psixoloji zorakılığın əlamətləridir. Faktiki olaraq, müxalifət dinc-demokratik mübarizə apardığını elan etsə də, psixoloji zorakılıq mərhələsinə qədəm qoyub. Partiyalarda şəxsiyyət kultu yaradılıb, liderlər də həmin kultun təmsilçisidir. Birləşməmənin, sosial şəbəkələrdə söyüş mübarizəsinin yeganə səbəbi psixoloji zorakılıqdır.

- İqbal Ağazadə ilə Arif Hacılının bir-birinə qarşı sərt reaksiyası nədən xəbər verir?
- Bunun özü də psixoloji gərginliyi göstərir. Sadəcə, kiminsə silahı yoxdur və ya imkanları azdır. Bu gün kiminsə imkanı yoxdur və dinc mübarizə apardığını deyirsə, bu o demək deyil ki, doğurdan da dinc mübarizə aparır. Sadəcə imkanları olmadığından dinc mübarizə aparmağa məcburdurlar. Baxın, hərə sosial şəbəkəyə 5-10 üzvünü yerləşdirib. Rəqiblərinin nə deməsinə belə baxmırlar, millətin maraqlarını müdafiə edib-etməməsindən asılı olmayaraq, ancaq söyüş, əxlaqa zidd münasibətlər ortaya qoyulur. Azərbaycan müxalifətində psixoloji zorakılıq özünü göstərir və bu təhlükəli sindromdur.


Müəllif: Cavad

Oxşar xəbərlər