6 Noyabr 2018 22:45
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının suallarını Qərbi Kaspi Universitetinin professoru, vaxtilə Yaxın Şərq ölkələrində diplomatik xidmətdə olmuş politoloq Fikrət Sadıqov cavablandırır. Müsahibəni təqdim edirik.

– Fikrət müəllim, Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısının keçirilməsi üçün Bakının seçilməsini necə şərh etmək olar?
– Əvvəla qeyd edək ki, bu görüş üçün Bakının seçilməsi Azərbaycana böyük marağın göstəricisidir. Fələstin Dövlətinin rəhbərliyi başa düşür ki, Azərbaycan dövlətinin maraqları Fələstinin maraqları ilə üst-üstə düşür. Hər iki dövlət işğalla, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməməməsi ilə üzləşib. Bunlar öz-özlüyündə bizim maraqlarımızı üst-üstə düşürən məqamlardır. Digər tərəfdən, o da bir reallıqdır ki, biz həm siyasi, həm də mənəvi baxımdan həmişə Fələstin xalqının yanında olmuşuq. Həmçinin, maliyyə yardımları da etmişik. Onu da yada salaq ki, ötən ilin dekabr ayında İstanbulda Qüds şəhəri ilə bağlı konfransda Azərbaycan ən yüksək səviyyədə təmsil olunurdu. Azərbaycan konfransda qəbul olunan qətnaməyə imza atdı. Yəni, biz islam həmrəyliyi çərçivəsində öz sözümüzü deyir, mövqeyimizi açıqlayırıq və Fələstinlə bağlı bir çox məqamları dəstəkləyirik.

– İstərdik ki, bir diplomat kimi bu tədbirin Fələstinin özü üçün önəmini açıqlayasınız...
– Fələstin üçün o mənada önəmlidir ki, Azərbaycan bu regionda aparıcı oyunçuya çevrilib. Azərbaycan hazırda həm iqtisadi, həm də siyasi baxımdan önəmli bir rol oynayan ölkədir. Onlar başa düşürlər ki, biz Fələstin Dövlətinin və xalqının yanında olaraq, onun müdafiəsində fəal rol oynayaraq eyni zamanda İsraillə də münasibətlərimiz tərəfdaşlıq səviyyəsindədir. Biz Azərbaycan olaraq İsraillə də münasibətlərimizi inkişaf etdirərək onlarla apardığımız danışıqlarda Fələstin amilini qabardıb onların maraqlarını müdafiə edə bilərik.

Çoxvektorlu xarici siyasətimiz bizi buna vadar edir. Yəni, bu cür addımların atılması üçün bizə geniş şərait yaradır. Biz Fələstini, Fələstin xalqını müdafiə edərək eyni zamanda İsrail Dövləti ilə də münasibətlərimizi inkişaf etdiririk və tərəfdaşlıq səviyyəsini aşağı endirmirik. Düşünürəm ki, Fələstin rəhbərliyi bunu yaxşı dərk edir. Görünür, Fələstin rəhbərliyində müəyyən məqamlarda Azərbaycanın nüfuzundan istifadə etmək maraqları da var. Çünki Azərbaycan bu istiqamətdə müəyyən rol oynaya bilər.

– Maraqlı bir məqama toxundunuz. Mən də bu istiqamətdə sual verməyə hazırlaşırdım. Sizcə, Azərbaycan Yaxın Şərq probleminin həllinə hansı formada töhfə verə bilər? Məsələn, həm İsraillə, həm də Fələstinlə olan yaxşı münasibətindən istifadə edib iki dövlət arasında vasitəçilik edə bilərmi?
– Bilirsinizmi, çoxvektorlu xarici siyasət elə buna işarə edir. Biz ümumiyyətlə, dünya siyasətində, beynəlxalq münasibətlər sistemində heç bir dövlətlə düşmənçilik etməməyə çalışırıq. Çünki bizim bir düşmənimiz var və bu hamıya bəllidir. Bizim öz problemimiz var və bu bizim üçün kifayətdir. Amma eyni zamanda biz prinsipial mövqeyimizi də bildiririk. ABŞ-İran münasibətlərini götürək. Bizim ABŞ-la münasibətlərimiz yaxşıdır, amma eyni zamanda biz başa düşürük ki, İran bizə qonşu dövlətdir. Biz İrana sanksiya tətbiq etmək, onunla diplomatik münasibətlərə son qoymaq, əməkdaşlıq etməmək fikrində deyilik.

İsrail-Fələstin münasibətlərini götürək. Düzdür, burda başqa məqamlar da var. Çünki orda Fələstin özü iki hissəyə parçalanıb. Daha radikal HƏMAS və nisbətən loyal olan FƏTH var. FƏTH-lə İsrail arasında vaxtaşırı danışıqlar gedir. Bu, hər halda bizə imkan verir ki, indiki Fələstin rəhbərliyi ilə, həm də İsrail rəhbərliyi ilə sıx əməkdaşlıq edək. Mən əminəm ki, nə rəsmi Tel-Əviv, nə də rəsmi Ramallah buna etiraz etmirlər. Çünki biz hansısa ölkə ilə əməkdaşlıq ediriksə, bu heç də o demək deyil ki, biz digər dövlətlə düşmənçilik etməliyik. Bu bir reallıqdır və görünür bir sıra dövlətlər bizim diplomatik addımlarımızı yüksək qiymətləndirir.

– Noyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səudun başçılıq etdiyi nümayəndə heyəti də ölkəmizdə səfərdə oldu. Həmin gün onları Prezident İlham Əliyev də qəbul etdi. Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin İstanbuldakı Baş Konsulluqda baş vermiş məlum olaya görə o qədər də yaxşı olmadığı indiki məqamda bu səfər daha böyük önəm kəsb edir. Siz Azərbaycanın iki ölkənin münasibətlərinin əvvəlki üstün səviyyəyə qaldırılmasına öz töhfəsini verməsini mümkün sayırsınızmı?
– Səudiyyə Ərəbistanının xarici siyasətinin üstünlüyü və bizim maraqlarımıza tam cavab verən diplomatik addımları ondan ibarətdir ki, Ər-Riyad indiyədək Ermənistanı tanımayıb və İrəvanla diplomatik münasibətlər qurmayıb. Biz bunu yüksək qiymətləndiririk. Bu cür dövlətlərin sayı elə də çox deyil. Səudiyyə Ərəbistanı kimi dövlət Ermənistanla münasibət qurmayıbsa və diplomatik əlaqələri yoxdursa, demək onun iqtisadi potensialı heç vaxt yardım şəklində Ermənistana yönələ bilməz. Bu çox mühüm bir məqamdır. Digər tərəfdən bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədə inkişaf edir. Rəsmilərimiz qarşılıqlı səfərlər edir, müxtəlif sazişlər imzalanır. Hələ ulu öndər Heydər Əliyevin zamanından bu səfərlər başlanıb və indi də davam edir. O ki qaldı Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərinə, ola bilsin bu, iki dövlət arasında müvəqqəti çətinlikdir. Düzdür, onların münasibətərində öz xüsusiyyətləri var.

Amma bizim hansısa ölkə ilə münasibətlərimiz yaxşıdırsa, hansısa ölkə ilə tərəfdaşlıq münasibətləri qurmuşuqsa, bu heç də o demək deyil ki, hansısa ölkədən üz çevirməli, hansısa ölkədən icazə almalı, yaxud kiminsə sözünə baxmalıyıq. Mən düşünürəm ki, Türkiyə bizə qardaş, əsas müttəfiq ölkədir. Səudiyyə Ərəbistanı isə bizim strateji tərəfdaşımızdır və bizim münasibətlərimiz müxtəlif sahələrdə inkişaf edir. Yaranan problemlərə baxmayaraq biz bu münasibətləri həmin çərçivədə, həmin formatda həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı ilə inkişaf etdirməyə hazır olmalıyıq. Bu, həm bizim, həm Türkiyə və Səudiyyə Ərəbistanının maraqlarına, həm də regionda təhlükəsizlik baxımından yaranmış vəziyyətə tam cavab verən bir siyasətdir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər