20 Noyabr 2018 13:47
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun hərbi-sənaye kompleksi son illər inkişaf edib. Hazırda bu ölkə müasir silahlar istehsal edirlər. Buna nümunə kimi məşhur “Polonez” sistemlərini göstərmək olar.

Bunu Azərbaycanla Belarus arasında silah alışına dair anlaşmanı Teleqraf.com-a şərh edən hərbi ekspert Azad İsazadə deyib.

Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığın çoxdan mövcud olduğunu vurğulayan Azad İsazadə deyib:

“Prezident Lukaşenkonun sözündən məlum oldu ki, vaxtilə hərbi texnologiyaların inkişaf etdirilməsinə Azərbaycan da investisiya qoyub. Sözsüz ki, Belarusdan alınan silahlar ilk növbədə Rusiyada olan silahların analoqudur. Yəni silahlar bir-birinə oxşayır. Bununla Azərbaycan Rusiya silah bazarından nisbətən azad olur. Yeni silah ixracatçısı kimi Belarus bizim üçün maraqlı və keyfiyyətlidir. Hesab edirəm ki, normal, konkret və çox gözəl bir hadisədir. Bunu ancaq təqdir etmək olar”.

Azad İsazadə əlavə edib ki, Azərbaycan və Belarusun hərbi əməkdaşlığının siyasi məqamları da var.

O xatırladıb ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində Ermənistanla müttəfiqdir:

“KTMT üzvü olan digər dövlətlərlə, o cümlədən Belarusla belə ciddi əlaqələrimiz Ermənistanın bu blok daxilində rolunu və əhəmiyyətini azaldır. Yəni siyasi baxımdan da belə bir əməkdaşlıq Azərbaycana xeyir gətirir. Belarusla əməkdaşlıq neçə illərdir ki, mövcuddur. Sadəcə, bu əməkdaşlıq hər iki tərəfdən inkişaf etdirilir. Belarusla hərbi əməkdaşlıq həm alternativ bazar, həm maliyyə, həm də siyasi baxımdan Azərbaycan üçün əlverişlidir”.

Azad İsazadə bildirib ki, Belarusla Ermənistan arasında belə yüksək səviyyəli hərbi əməkdaşlıq yoxdur: “Ermənistan silahı kredit əsasında Rusiyadan alır. Belarusa isə belə şərtlərlə ermənilərə silah vermək sərf etməz. Hər halda Belarusla Ermənistanın əməkdaşlığı Azərbaycan-Belarus əməkdaşlığı səviyyəsində deyil”.

Sonda ekspert bildirib ki, Azərbaycanın Belarusdan silah alması, ümumiyyətlə, hərbi arsenalını gücləndirməsi həm də bir mesajdır: “Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyan ölkəmizə silah satdığı üçün Belarusa irad tutub. Bu faktın özü göstərir ki, Azərbaycan-Belarus əməkdaşlığı Ermənistana ciddi sürətdə təsir edir”.


Müəllif: Cavad

Oxşar xəbərlər