3 Dekabr 2018 16:05
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda müxalifət prezident seçkilərini qeyri-legitim saysa da, nəticələrlə razılaşmaq məcburiyyətində qalıb. İndi əsas tələb parlamentin buraxılması və növbədənkənar seçkilərinin keçirilməsidir. Ciddi qarşıdurmalar hələ ki gözlənilmir, müxalifətin tələblərinin qəbul edilib-edilməyəcəyi hakimiyyətin müzakirəsindən sonra bəlli olacaq.

Bu sözləri Teleqraf.com-a politoloq Qabil Hüseynli dünən Tbilisidə müxalifətin keçirdiyi mitinqi dəyərləndirərkən deyib.

Qabil Hüseynli qeyd edib ki, dünənki mitinq prezident seçkilərindən sonra ilk kütləvi aksiya idi və heç də müxalifətin bütün dəstələri iştirak etmirdi: “Seçkilərin birinci turunda 10 faiz səs almış Davit Bakradzenin rəhbərlik etdiyi Avropalı Gürcüstan partiyası mitinqə qatılmadı. Ancaq üzvlərinə sərbəstlik verdi ki, kimin istəyi var, qoşula bilər. Bu o qədər də yaxşı nüans deyildi.

Bakradzenin özü seçkiləri Gürcüstanda demokratiyaya vurulan zərbə hesab edir. Onun fikrincə, bu mitinqlər qarşıdurmaya və hakimiyyətin müxalifətlə bağlı məkrli planlarının həyata keçməsinə şərait yarada bilər.

Bütün bunlara rəğmən dünən keçirilən mitinqdə 10 mindən çox şəxsin iştirak etdiyi iddia olunur. Mitinqin böyük ruh yüksəkliyi ilə keçirildiyi bildirilir. Mitinqdə prezidentliyə sabiq namizəd Qriqiol Vaşadze ilə yanaşı 10-a yaxın partiyanın rəhbər və nümayəndələri çıxış edərək demokratiyanın təhlükədə olduğunu vurğulayıb, xalqa demokratiyanın qorunması üçün çağırış ediblər.

Mitinqin qətnaməsində seçkilərin saxtalaşdırıldığı qeyd edilməklə yanaşı hakimiyyətə ultimativ formada növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi qoyulub. Bəzi nüanslar nəzərə alınmazsa, mitinqçilər sakit formada öz evinə dağılıb”.

Politoloq mitinqə videobağlantı ilə qoşulan Vahid Milli Hərəkat Partiyasının lideri Mixail Saakaşvilinin çıxışını cəsarətli çıxış hesab edir: “Ukraynada olanda sərhədi yararaq ölkəyə keçmişdi və demək olar ki, Ukraynanı xeyli çaşdıra bilmişdi. Doğrudur, Ukrayna ilə Gürcüstandakı demokratiyanın vəziyyətini müqayisə etmək çətindir.

Amma hər halda Ukraynada göstərdiyi cəsarəti Gürcüstanda da göstərməyə çalışarsa, zənnimcə, o, ölkəyə qayıda bilər. Amma bu şərtlə ki, partiyası və müxalifət onu hakimiyyətin repressiyasından qorumağı bacarsın. Bu isə ciddi hazırlıqların görülməsini tələb edir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər