11 Dekabr 2018 13:38
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 12-də Heydər Əliyevin əbədiyyətə qovuşmasının 15-ci ili tamam olacaq.

Teleqraf.com xəbər verir ki, bu münasibətlə “Moskva-Bakı” portalı Azərbaycan xalqının ümummilli lideri, dünya miqyaslı dövlət xadimi Heydər Əliyevə həsr edilmiş silsilə müsahibələrini davam etdirir. Bu müsahibələrdə tanınmış siyasətçilər, Heydər Əliyevin həmkarları və onu tanıyan digər insanlar ulu öndərin insani keyfiyyətlərindən və rəhbər kimi xüsusiyyətlərindən bəhs edirlər.

Rusiyanın birinci prezidenti Boris Yeltsinin sabiq mətbuat katibi Sergey Medvedyev Heydər Əliyevin insanlara olan səmimi münasibətindən və jurnalistlərlə ünsiyyət bacarığından danışıb.

– Mən Ümumittifaq Radiosunda işləyirdim, sonra isə “Vremya” proqramına keçdim. Heydər Əlirza oğlu ilə iki dəfə ünsiyyətdə olmuşam. Onu birinci dəfə “Admiral Naximov” teploxodunda baş vermiş faciənin araşdırılmasına həsr olunmuş iclası apararkən gördüm. Sonrakı görüşümüz isə artıq Kremldə baş tutmuşdu. Biz bu görüş zamanı ötən günləri yada salır, olub-keçənlərdən danışırdıq. Həmin görüş Heydər Əlirza oğlu ilə Yevgeni Primakov arasında keçirilirdi. Mən onların sıravi müxbirlə maraqlanmasının səbəblərini başa düşə bilmirdim. Onlar redaksiyada işlərin necə olmasını, mənim maraq dairəmin nədən ibarət olmasını, öz işimi necə gördüyümü bilmək istəyirdilər. Bu, mənim üçün kifayət qədər qəribə söhbət idi. Çünki adətən, belə hallar kadr təyinatı zamanı baş verir. Həmin vaxt mən siyasi xəbərlərlə işləyir və siyasi liderləri diqqətlə izləyirdim.

Heydər Əlirza oğlu Əliyev unikal insan, milli elitanın yetirməsi idi. Mən onun tərcümeyi-halını yaxşı bilirəm. O rəhbərlikdən Azərbaycanda qalıb işləməyi xahiş etdi, ancaq ona bu imkanı vermədilər və o, Moskvaya getdi.

O, bütün siyasi cərəyanlara və Kreml həyatındakı bütün xoşagəlməz hallara yaxşı bələd idi. 1985-ci ildə Qorbaçovun ölkənin rəhbəri seçilməsini dəstəkləsə də, az sonra Qorbaçov ona münasibətdə haqsızlığa yol verdi. Qorbaçovun bu dəst-xətti mənə tanış idi, çünki mən onun Moskva şəhər partiya komitəsinin rəhbəri olan Yeltsinlə bağlı da eyni hərəkətə yol verdiyini görmüşdüm. Qorbaçov Yeltsini həkimlər vasitəsilə istefaya göndərmək istəmişdi. Eyni addımı Heydər Əliyevlə bağlı da atmaq istəyirdi. Onu inandırmaq istəyirdi ki, o daha əvvəlki işdə işləyə bilməz. Bu cür metamorfoz yaşayan liderlər o qədər də çox deyil. Görünür, onlar hər ikisi (Heydər Əliyev və Boris Yelstin nəzərdə tutulur-red.) daxilən buna hazır idi. Ümumiyyətlə, Heydər Əliyev həyatı boyunca bir çox siyasi xəyanətlərlə üzləşmişdi.

Onda xoşuma gələn nə idi? Jurnalist korpusunun nümayəndəsi kimi deyim ki, o, məsələn, Yevgeni Primakovdan fərqli olaraq, heç vaxt jurnalistlərdən kənar gəzmirdi, onlarla özü arasında baryer qoymurdu. O, mətbuat nümayəndələri ilə həmişə qeyri-formal, səmimi şəkildə işləyirdi.

İlk dəfə Qorbaçov deyil, Heydər Əliyev xalqa yol tapdı. Maşın dayanır, o maşından düşür, vətəndaşlarla ünsiyyət qurmağa başlayır və hamı heyrət içində suallar verir, bu yüksək post tutan rəhbərə toxuna da bilərlər. Mənə elə gəlir ki, o, bunu səmimi edirdi. Bu, qətiyyən görüntü üçün deyildi. Heydər Əliyev insanlarla ünsiyyətdə olmağı sevirdi. Bəzi böyük rəhbərlər – hətta, yaxşı rəhbərlər də bunu etməyi sevmir və bacarmırlar. Ancaq o bunu sevir və bacarırdı. Onun üçün xalqın nəbzini duymaq çox vacib idi, belə ki, bu yolla həm də məlumat əldə edirdi. Bir var sənə digərləri arayışlar, hesabatlar verir və məruzələr edir, biri də var insanların nə fikirləşdiyini, onların əhval-ruhiyyəsini sən özün hiss edirsən. Kağız insanların əhval-ruhiyyəsini verməyəcək. O, kamerton kimi insanların psixoloji durumunu hiss edirdi. Görünürdü ki, o, bunu qeyri-rəsmi edir. Bu ona lazım idi.

O, mürəkkəb siyasi toqquşmaları keçmişdi. Bu çarpışmaların əvvəlində bəlkə də hər zaman qalib olmurdu. Amma əvvəl-axır, nəhayətdə o qalib gəlirdi. O, qələbəyə kompromislər, asan olmayan qərarlar qəbul etməklə nail olurdu. O, siyasətçinin necə olmasını nümayiş etdirirdi. Onun vəzifəsi – müstəqil, çiçəklənən dövlət qurmaq vəzifəsi mümkün olmuşdu. Biz indi Azərbaycanda hansı ciddi dəyişikliklərin baş verdiyini görürük!


Müəllif: Səxavət

Oxşar xəbərlər