Bilirsiniz ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumu adlı təşkilat mövcuddur. Onun milli platformaları var. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev tamamilə doğru olaraq deyib ki, milli platformaya seçimdə çox böyük məntiqsizlik və ədalətsizlik hökm sürür.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.
O qeyd edib ki, söhbət milli platformalardan gedirsə və bu milli platformalar öz nümayəndələrini seçib ölkənin nümayəndəsi kimi foruma göndərirlərsə, bir səs Avropa İttifaqına, iki səs isə ölkəyə məxsus olmalıdır:
“Ancaq biz bunun əksini müşahidə edirik. Bir səs ölkəyə, 2 səs Avropa İttifaqına məxsus olur. Biz Milli Qeyri-Hökumət Təşkilatları Forumu olaraq milli platformanı ilk təbliğ edən təşkilat olmuşuq. Hələ 2009-cu ildə Vətəndaş Cəmiyyəti Forumunun jurnalından bununla bağlı məlumat da, bizim fotomuz da gedib. Yəni, biz forumun və platformanın işində iştirakda çox maraqlı olmuşuq. Amma sonrakı illərdə o platformada gördüyümüz ədalətsizliklər bizim oradan tamamilə kənarlaşmağımıza səbəb olub. Azərbaycana münasibətdə ədalətsiz mövqeyi ilə seçilən adamlar bu təşkilatın taleyini həll edirlər. Bu da qətiyyən yolverilməzdir”.
R.Zeyninin sözlərinə görə, bu beynəlxalq hüquq normalarına zidd olmaqla təşkilatın prinsipləri ilə də ziddiyyət təşkil edir:
“Ona görə də bu, yeni məsələ deyil. Biz bunu 10 ilə yaxındır deyirik. Azay müəllim də çox düzgün vurğulayıb ki, bu ədalətsizliyin davam etdirilməsinə imkan vermək olmaz. İslahat aparmaq və bu məsələləri həll etmək lazımdır. Bu baxımdan Milli Qeyri-Hökumət Təşkilatları Forumu burda – Bakıda dəfələrlə səs toplamasına baxmayaraq Avropada – Brüsseldə onun namizədliyi keçməyib. Orda Azərbaycanın milli maraqlarını, o cümlədən bəşəri maraqları onların gözləmədiyi prizmadan müdafiə edən təşkilatlara, o cümlədən Milli QHT Forumuna qarşı bir ədalətsizlik var”.
Bu barədə Milli Platforma ilə dəfələrlə müzakirələr apardıqlarını qeyd edən R.Zeyni bu narazılıq barədə Brüsseldə də məlumatlı olduqlarını, təşkilatın ədalətsiz mövqeyini qəbul etmədiklərini vurğulayıb:
“Biz bu ədalətsizliyə öz etirazımızı bildiririk”.
Qeyd edək ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avropa İttifaqının dəstəklədiyi Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformasına üzv seçimləriylə bağlı ədalətsiz qaydaya münasibət bildirib. Deputat deyib ki, Avropa İttifaqının dəstəklədiyi Vətəndaş Cəmiyyəti Forumunun Milli Platforma üzv seçimləri üçün tələb olunan 3 səsin 2-ni Brüsselin müəyyən etməsi doğru deyil:
“Bu cür qeyri-demokratik və ədalətsiz seçim qaydası dəyişdirilməli, ölkələrə istədikləri namizədi platformaya seçmək imkanı verilməlidir”.