25 Dekabr 2018 22:00
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın ərazi bütövlüyünün istənilən yolla bərpası, bizim suveren hüququmuzdur. Bu, beynəlxalq hüquq normalarının tələbindən irəli gələn məsələdir. Cənab prezident öz çıxışında da bu məsələyə növbəti dəfə toxundu”.

Bunu Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri

Teleqraf.com-a şərh edən hərbi ekspert Emin Həsənli deyib.

Ekspert Azərbaycanın vahid komandanlığa əsaslanan peşəkar ordusunun qurulduğunu diqqətə çatdırıb:

“Bu gün ölkəmizin nizami ordusu var və hərbi kadr potensialı yüksək səviyyədədir. İqtisadiyyatımız güclənir və bunun tərkib hissəsi kimi, ordumuz ən müasir silahlarla təchiz edilib. Bu proses davam etdirilir. Son zamanlar yeni hərbi hissələr tikilərək istifadəyə verilib, hərbi hospitallar tikilib.

Hərbçilərimizin peşəkarlığı da yüksək səviyyədədir. 2016-cı ilin aprel ayında baş vermiş döyüşlər göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri qısa vaxtda işğal altındakı ərazilərimizi azad etmək gücündədir. Digər yandan, beynəlxalq şərtlər və beynəlxalq hüquq normaları da Azərbaycanın xeyrinədir. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə görə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. İstənilən an bu hüquqdan istifadə edib, torpaqlarımizi işğaldan azad edə bilərik”.

Emin Həsənli Azərbaycan prezidentinin işğal altındakı ərazilərimizi azad etmək üçün işlərini davam etdirdiyini bildirib:

“Cənab Prezidentin də qeyd etdiyi kimi, ərazi bütövlüyümüzü bərpa etmək üçün ata biləcəyimiz bütün addımlar müəyyən edilib. Ordumuz hazır vəziyyətdə Ali Baş Komandanın əmrini gözləyir. Ordumuz üçün alınan müasir silahlar da ərazi bütövlüyümüzü bərpa etmək üçündür. Hesab edirəm ki, yaxın vaxtlarda biz öz hüququmuzdan istifadə edib, torpaqlarımızı işğaldan azad edəcəyik”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxış edərkən, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı önəmli mesajlar verib.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün istənilən yolla bərpası bizim suveren hüququmuzdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər