“2018- ci ildə ilk növbədə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi, eyni zamanda TANAP layihəsinin işə salınmasını xüsusilə qeyd edə bilərik ki, hər iki layihə Azərbaycan prezidentinin çox böyük iradəsi nəticəsində reallaşıb”.
Bunu Teleqraf.com-a 2018-cildə Azərbaycanın xarici əlaqələri haqqında açıqlama verən politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, bu layihələr regionun geosiyasi xəritəsini dəyişməkdədir. Bu kimi layihələri reallaşdırmaq o qədər də asan deyildi:
“2018- ci ilə nəzər salsaq, xarici siyasətdə Azərbaycanın bəzi ölkələrlə dərindən dəyişən, artan mövqeyini qeyd edə bilərik. Bu dövlətlər arasında İsraili qeyd etmək olar. İsrail ilə Azərbaycan arasında hərbi-siyasi müttəfiqlik strateji xətt almaqdadır. Bu müttəfiqlik Bakı üçün çox mühüm məsələdir və uğurla davam etməkdədir. Hər iki ölkə bir birinə lazım olduğunu başa düşür”.
Politoloq deyib ki, Azərbaycan və Rusiya arasında olan münasibətləri də xüsusi qeyd etmək lazımdır:
“Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi mövqeyə malik olan və regionda lider olan Rusiya Bakı ilə münasibətləri daha da möhkəmlətdi. Burda eyni zamanda Ermənistandakı inqilab, Paşinyanın hakimiyyətə gəlməsi xüsusi rol oynadı.
Bu il ərzində Azərbaycan Rusiya ilə istər siyasi, hərbi əlaqələrini, istərsə də iqtisadi əlaqələrini gücləndirdi. Rusiyanın müxtəlif regionlarında Azərbaycanın ticarət evləri açıldı. Bakıda payızda Azərbaycan-Rusiya Regionlararası Forumu, eyni zamanda Humanitar Forum gerçəkləşdi. Bütün bunlar ikitərəfli münasibətlərdən xəbər verir. Həm də bu il dövlət başçıları ayrı-ayrı tədbirlərdə 6 dəfə görüşdülər”.
Zaur Məmmədov Azərbaycanın Qərblə əlaqələrindən danışaraq qeyd edib ki, bu il biz rəsmi Bakının Strasburq və Brüssellə münasibətlərində də dərinləşmənin şahidi olduq:
“ Çox güman ki, 2019- cu ildə Azərbaycan və Avropa İttifaqı arasında saziş imzalanacaq. Çünki indiki olan münasibətlərin əsası 1996- ci ildə imzalanmış və 1999 -cu ildə reallaşan müqavilə əsasında gerçəkləşir.
Digər trəfdən payız aylarında Vaşinqton rəsmilərinin Bakıya səfərlər etməsi, antierməni, əslində Qarabağla bağlı bəyanatlar verməsi Bakını sevindirən məsələlərdən biri idi.
Ümumi götürəndə 2018- ci il region və əksər ölkələr üçün sabit keçməsə də, Azərbaycan üçün uğurlu il olub”.