“ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Layçak fevralın 19-da Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdü. Slovakiyalı nazir mətbuat konfransında dedi ki, bütün imkanlardam istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət impulslar verməyə çalışacaqlar. Göründüyü kimi, ATƏT-in hazırkı sədri çox ehtiyatlı ifadə işlədib. Bu anlaşılandır. Çünki ATƏT 25 ildən çoxdur Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur, ancaq heç bir irəliləyiş yoxdur”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Slovakiyadan əvvəl ATƏT-ə müxtəlif ölkələr, o cümlədən İtaliya, Qazaxıstan və Almaniya sədrlik edib:
“Bu dövlətlərin xarici işlər nazirləri də Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaqlarını bildirirdilər. Ancaq nəticə olmadı. Almaniyanın keçmiş xarici işlər naziri 2016-cı ildə bir neçə bəndlik həll planı hazırladığını açıqlamışdı. Ancaq nə o plan açıqlandı, nə də həll yolu tapıldı. Ona görə də Slovakiya keçmiş “təcrübədən” çıxış edərək, Dağlıq Qarabağ münaqişəsinin həllində ümidli deyil.
Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri ilə birgə mətbuat konfransında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə fikrə diqqət çəkib. Birincisi, Lavrov deyib ki, həmsədr dövlətlər – Rusiya, ABŞ və Fransa sıx əlaqədə işləyir və yeni tərəflər arasında yeni görüşlər hazırlanır. İkincisi, Lavrov onu da deyib ki, vasitəçilər dialoq üçün yalnız şərait yarada bilərlər, ancaq qərarı birbaşa dialoqda tərəflər özləri verməlidirlər”.
Elxan Şahinoğlu qeyd edib ki, həmsədrlər Azərbaycan və Ermənistan rəsmiləri arasında yeni görüş hazırlayırlar:
“Yəqin ilkin olaraq, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərini görüşdürməyi planlaşdırırlar. Bundan sonra isə Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşü hazırlanmalıdır. Bunun anonsu Münhen təhlükəsizlik konfransında verildi. Ancaq gözlənildiyinin əksinə olaraq, Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmədilər. Ermənistanın xarici işlər naziri Münhendə hətta belə bir açıqlama verdi ki, görüş nəzərdə tutulmayıb, azərbaycanlı həmkarını koridorda görsə, sadəcə salamlaşacaq.
Lavrovun “tərəflər birbaşa dialoq apararaq münaqişənin həllinə özləri qərar verməlidirlər” sözləri isə ondan xəbər verir ki, Moskva münaqişənin həlli məqsədilə Ermənistan hakimiyyətinə təsir etmək istəmir. Həm də Lavrov son zamanlar onu da bildirir ki, Ermənistanda yeni hakimiyyət formalaşıb və danışıqlar prosesini dərinləşdirmək üçün İrəvana vaxt lazımdır. Başqa sözlə, Moskva Paşinyana loyal münasibətini ortaya qoyur”.
Elxan Şahinoğlu qeyd edib ki, Paşinyanın Moskvanın istəyi ilə Suriyaya 83 nəfərlik hərbçidən ibarət humanitar missiya göndərməsi onun xeyrinə oldu:
“Rusiya Dövlət Dumasının deputatı, parlamentin MDB ölkələri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov tez-tez Moskvada və Bakıda iki ölkə arasında keçirilən toplantılarda iştirak edir. Hiss olunur ki, Azərbaycanın Moskvadakı səfirliyinin də bu deputatla sıx əlaqələri var. Ancaq bugünlərdə İrəvanda olan Leonid Kalaşnikov Rusiyaya hansı dövlətin yaxın olduğunu bu sözlərlə anlatdı:
“Ermənistan Qərbin təzyiqindən qorxmayaraq Suriyaya hərbi missiya göndərdi. Rusiya Ermənistanın bu addımını yüksək dəyərləndirir və bunu biz qiymətləndirəcəyik”. Elə bu qiymətləndirmənin nəticəsidir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasında maraqlı deyil”.