Teleqraf.com Türkiyədə yaşayan azərbaycanlı professor, siyasi şərhçi Toğrul İsmayılla müsahibəni təqdim edir.
- Toğrul bəy, sabah Xocalı soyqırımının növbəti ildönümü tamam olacaq. 27 il əvvəl erməni daşnaklarının xalqımıza qarşı həyata keçirdiyi bu vəhşi aktı necə qiymətləndirirsiniz?
- Hadisənin baş verdiyi ərəfə əslində krtik dövr idi. Faktiki olaraq Azərbaycan türkləri ilə ermənilər arasında baş verən qarşıdurma silahlı mərhələyə daxil olurdu. Xocalı isə Xankəndinə alternativ olan qədim türk şəhəri olmaqla yanaşı strateji mövqeyə malik idi. Şəhərin hava limanı var idi və hadisədən əvvəl ora gedən yol bağlanmışdı. Onu da qeyd edək ki, Xocalı qətliamından əvvəl Xocalı şəhəri ilə mərkəzin hava nəqliyyatı tamamilə kəsilmişdi. O dövrdə hakimiyyətdə olan Ayaz Mütəllibov və kommunist dövlət rəsmiləri milləti inandırmağa çalışırdı ki, hər şey normaldır. Amma hadisələrdən 2 həftə əvvəl faktiki Xocalıya gedən yollar bağlanmış, şəhər faktiki mühasirəyə alınmışdı.
Fevralın 25-dən 26-na keçən gecə SSRİ-dən qalma və Rusiyaya tabe olan 366-cə hərbi hissə və erməni silahlıları şəhərə hücuma başladı, əhalimizi məhv etdi. Kimin nə deməyindən asılı olmayaraq ermənilər Xocalıda qətliam həyata keçirdi, mülki insanlar öldürüldü, qar-borandan qaçmaq istəyən insanların yollarda güllələndi, öldürüldükdən sonra cəsədlər üzərində işgəncələr edildi. Bunu isbat edəcək yüzlərlə digər faktlar var. Azyaşlı bir qızın gözü önündə atasının diri-diri yandırılıb. Həm də oralara pənah aparan ahısıka türklərinə münasibətdə də eyni işgəncə və cinayətlər həyata keçirilib. Bütün bunlar həqiqətdir və dünyanın bunu bilməsi, tanıması vacibdir.
- Azərbaycan tərəfinin soyqırımı ilə bağlı apardığı fəaliyyəti necə qiymətləndirmək olar?
- Azərbaycan indi Xocalı hadisələrini soyqırımı adlandırır və mənə görə, çox haqlıdır. Bunu sübut edəcək yüzlərlə dəlil var. Uzun illərdir ki, Azərbaycan bununla bağlı işlər görür. Amma hesab edirəm ki, Azərbaycan dövləti bu soyqırımı ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməlidir. Nə qədər ki, bu hadisələrin şahidləri, soyqırımı zamanı işgəncə alanlar, öldürülənlərin yaxınları sağdır, beynəlxalq məhkəməyə üz tutmaq lazımdır. Doğrudur, Azərbaycan hakimiyyəti, xalqımız, ziyalılarımız harada yaşamasından asılı olmayaraq Xocalı soyqırımını yaşadığı ölkələrdə tanıtmağa çalışır.
Məsələn, Türkiyədə yaşayan azərbaycanlı türklər Xocalı soyqırımını daima gündəmə gətirib, türk cəmiyyətində ciddi maarifləndirmə işi aparıb. Bu gün Türkiyədə hər kəs Xocalı soyqırımı haqqında məlumatlıdır. Digər ölkələrdə də Azərbaycan diasporu fəal iş aparır. Bütün bunlar müsbət hadisələrdir. Biz təbliğat aparırıq, hər kəs əlindən gələni edir. Ancaq hesab edirəm ki, daha vacibi beynəlxalq hüquq baxımından soyqırımında əli olan canilərin məsuliyyətə cəlb edilməsidir. Təəssüflər olsun ki, bunu hələlik həyata keçirə bilməmişik. Canilər hələ də əl-qollarını sallayaraq gəzirlər. Bu şəxslər cəzalarını almayana qədər şəhidlərimizin ruhu rahat olmayacaq.
İkincisi, Qarabağ məsələsinin həllinin də buna aidiyyəti var. O mənadakı Xocalıda qətliama səbəb həm də orada yaşayan insanların müsəlman və türk olması idi. Ermənilər bu torpaqlara göz dikmişdi. İnsanlarımızın qətlə yetirilməsi də buna görə idi. İndi də bizim gənclərimiz cəbhə xəttində şəhid olur, erməni gülləsinə tuş gəlir. Sanki proses davam edir. Biz Qarabağı azad etdikdən sonra rahat deyə bilərik ki, həm Qarabağda, həm də Xocalıda öldürülənlərin ruhu rahatlıq tapıb.
Bir daha qeyd edirəm ki, Xocalı qətliamının soyqırımı olması həqiqətdir və qüvvədə olan qanunlar Xocalıda bizim millətimizin soyqırımına məruz qaldığını ortaya qoyur. Biz bunu yazırıq, sürətli olaraq çıxışlar edirik. Dövlətin imkanları daha genişdir. Xocalı dərdi bizim ümummilli məsələdir. Burada iqtidar, müxalifət, başqa ünsür ola bilməz. Biz hamımız birlikdə buna reaksiya göstərməli, əlimizdən gələni etməliyik.
- ABŞ, Avropa, Asiya və digər qitələrdə, yüzlərlə ölkədə 26 fevral tarixində Xocalıda baş verən soyqırımı aktı qınanılır, bununla bağlı tədbirlər, aksiyalar keçirilir. Bu cür tədbirləri nə dərəcədə əhəmiyyətli hesab edirsiniz?
- Sözsüz ki, təbliğat, obyektivlik və ədalət naminə bu cür tədbirlərin keçirilməsi çox yaxşı hadisədir. Mən özüm, digər ziyalılarımız da bu cür tədbirlərə qatılır, sosial şəbəkələrdə geniş informasiyalar paylaşırıq. Başqa ölkələrdə yaşayan insanlarımız, diaspora qurumlarımız, dövlətimiz də bu kimi tədbirlərin keçirilməsi səbəb olur və ya dəstək verir. Bunlar maarifləndirmə baxımından vacib hadisələrdir.
Ancaq sadəcə maarifləndirməklə işi bitmiş hesab etmək olmaz. Xocalı hadisəsinin həqiqətən də soyqırımı aktı olduğunu dünyaya çatdırmaq istəyiriksə, hökmən beynəlxalq məhkəməyə müraciət etməli, bu işdə əli olanları cəzalandırmalıyıq. Sizə misal çəkim, 1915-ci ildə Osmanlıda yaşayan ermənilərin soyqırımına məruz qalması haqda iddialar irəli sürən ermənilər ciddi iş aparır. Bəzi ölkələrin parlamentləri 1915-ci il hadisələrini soyqırımı kimi qəbul edir, bəziləri isə etmir. O cümlədən də Xocalı soyqırımını bəzi ölkələrin parlamentləri tanıyıb. Amma biz bilməliyik ki, həmin parlamentlərin qəbul etdiyi qərar yalnız həmin ölkələrin ərazisində qüvvədədir. Digər tərəfdən, ermənilər Beynəlxalq Məhkəməyə müraciət etsə və məhkəmə soyqırımının olduğu haqda qərar qəbul edərsə, bu bilavasitə Türkiyəyə ciddi təsir göstərə bilər.
Avropada Doğu Pərinçək hadisəsi oldu. Belçika olmaqla bəzi ölkələr 1915-ci il hadisələrini soyqırımı kimi qəbul etmişdi və hətta “soyqırımı olmayıb” ifadəsini işlətməyi qadağan etmişdi. Amma adam getdi və ilk dəfə bu hadisəni Avropa Məhkəməsinə çıxararaq qələbə əldə etdi. Avropa Məhkəməsi bəyan etdi ki, 1915-ci il hadisələrini siyasi məqsədlə istifadə etmək doğru deyil. Ancaq biz bilirik ki, Xocalıda baş verənlər soyqırımı aktıdır. Bunun beynəlxalq cəmiyyət tərəfindən birmənalı qəbul edilməsi üçün Nurunberq Məhkəməsinə bənzər bir məhkəmə qurulmalıdır. Fikrimcə, Azərbaycan hökuməti bu haqda düşünməlidir.
- Hesab edirsiniz ki, belə bir məhkəmə qurmaq mümkündür?
- Hesab edirəm ki, mümkündür. Bunun üçün qarşımızda heç bir maneə yoxdur. Azərbaycan dövlətinin bunu həyata keçirmək üçün gücü yetərlidir. Xaricdə, ölkəmizdə Xocalı parkları salmaq önəmlidir, gələcək nəsillər buranı ziyarət edəcək, hadisə haqqında məlumatlı olacaq və s. Bu əhəmiyyətlidir. Mənə görə, daha əhəmiyyətlisi bu canilərin bir-bir məhkəmə önünə çıxarılaraq cəzalandırılması üçün addım atmağımız olardı. Məhz bu halda insanlarımız mənəvi cəhətdən rahatlaşar.
Nə qədər ki, hadisənin şahidləri yaşayır, bunu etmək lazımdır. Bir zamanlar bizim Ermənistandan qovulan insanlarımız oldu, lakin biz beynəlxalq məhkəməyə zamanında müraciət etmədik. Və bu məsələ yaddaşlardan çıxdı, unuduldu. Ermənilər Avropa, dünyada bu kimi hadisələrdən dərhal istifadə etməyə çalışır. Yəni hüquq, qanun imkan verirsə, biz buna getməliyik. Müasir beynəlxalq hüquq bizə deyir ki, beynəlxalq məhkəməyə çıxın, bütün dünyanı bunu qəbul etdirin, cinayətkarları cəzalandırın. Məncə, biz, bu addıma getməliyik. Azərbaycan dövləti güclüdür və bunun üçün imkanları var.
Sözsüz ki, buna getmək üçün dəlillər, sübutlar, güclü vəkillər və hüquqşünaslar lazımdır. Bunu ancaq dövlət həyata keçirə bilər. Biz isə harada yaşamağımızdan asılı olmayaraq bu prosesə dəstək verməliyik.