1 Mart 2019 13:07
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, fevralın 25-də cənab İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədəki anonsdan sonra belə bir qərarın qəbul ediləcəyi gözlənilən idi:

“Azərbaycan cəmiyyəti belə bir qərarı gözləyirdi. Şübhəsiz ki, bu, mürəkkəb yanaşma tələb edən ciddi bir məsələ idi. Problemli kreditlər 1 milyard dollardan çox məbləği əhatə edirdi. Onun həll olunması üçün optimal variant tapmaq lazım idi. İmzalanan fərmanla aydın olur ki, vətəndaşlara dəyən az qala bütün zərərin ödənilməsi ilə bağlı qərar qəbul edilib.

Dövlət problemin həlli ilə bağlı məsuliyyətin və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürüb. İki dövr və mərhələdə alınan kreditləri əhatə edən qərar bütövlükdə problemli kreditlərin hamısının həllinə töhfə verəcək.

Birinci dövr vətəndaşların 2015-ci ilin fevralın 21-nə qədər, ikinci dövr isə fevralın 22-dən dekabrın 21-nə qədər olan dövrdə götürdüyü kreditlərlə bağlıdır. Maksimal hədd 10 min dollar, 17 min manat səviyyəsində müəyyənləşdirilib ki, bu da əslində vətəndaşların gözləntilərindən də çoxdur. Çünki 3-5 min dolları əhatə edəcək məbləğlə bağlı belə bir fərmanın veriləcəyi gözləntisi var idi.

Amma cənab prezident verdiyi fərmanla 10 min dollara qədər olan problemli kreditlərin həlli ilə bağlı qərar qəbul etdi. Birinci mərhələdə götürülən hər 1 dollara görə 0,25 manat ödənşin müəyyənləşdirilməsi əslində devalvasiya nəticəsində olan artımın tamam silinməsi deməkdir. Fevralın 22-dən dekabrın 21-nə qədər götürülən hər bir dollar kreditə görə isə 0,6 manat ödənişin müəyyənləşməsilə də analoji situasiyanın şahidi oluruq”.

H.Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidentinin qəbul etdiyi qərar təkcə problemli kreditlərin həlli məsələsinə dövlətin verdiyi töhfə deyil. Eyni zamanda ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə də stimul yaradan bir fərmandır:

“Bu prosesdən həm vətəndaş, həm də banklar qazanır. Atılan bu addımı banklarla vətəndaşlar arasında qarşılıqlı etimadın bərpa olunması kimi də qiymətləndirmək olar. Vətəndaşlarımız bir daha əmin oldu ki, Azərbaycan dövləti və prezidenti daim onların yanındadır. Hər hansı fors-major situasiya yaranarsa, dövlət onların problemlərini həll etməyə qadirdir. Bunun üçün Azərbaycan Prezidentinin siyasi iradəsi var”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər