Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir. Əvvəlki forumların mövzuları qlobal məsələlərin bugünkü gündəliyini əks etdirir. Düşünürəm ki, bu, xarici siyasətlə bağlı məsələlərlə, - bu, yeni xarici siyasət adlandırılır, – məşğul olmaq üçün çox yaxşı seçimdir. Çünki son forumdan bəri, xüsusilə ölkələr arasında münasibətlərdə, dünyada təhlükəsizlik və proqnozlaşdırılabilmə ilə bağlı məsələlərdə çox şey dəyişib.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində söyləyib.
"Mən çox şadam ki, forumun çoxsaylı iştirakçısı var. Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. Qonaqlarımızın arasında 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var.
Bu gün bu zalda böyük intellektual potensial var, bu da, əslində, Forumun əhəmiyyətini əks etdirir. Qlobal gündəlikdə çox sayda beynəlxalq tədbir, konfrans var. Lakin keyfiyyət iştirakçıların siyahısına, onların təcrübəsinə və intellektual potensialına görə ölçülür. Bu səbəbdən, mən düşünürəm ki, Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var. Əminəm ki, qarşıdakı günlərdə müzakirə olunacaq məsələlər beynəlxalq münasibətlərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edəcək.
Azərbaycanın xarici siyasəti barədə danışarkən, mən deyərdim ki, o, çox dəyişməyib. Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Ona görə də Azərbaycan sonuncu Forumdan bəri xarici siyasət istiqamətləri ilə bağlı təşəbbüslərini davam etdirib. Düşünürəm ki, biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq. Əlbəttə ki, istənilən ölkə, o cümlədən Azərbaycan üçün qonşularla münasibətlərin qurulması əsas prioritetdir. Bu mənada, sonuncu Forumdan bəri bizim əlaqələrimiz güclənib. Biz qonşularımızla qarşılıqlı maraqlara, qarşılıqlı hörmətə əsaslanan çox məhsuldar işçi münasibətlər qurmuşuq. Bu, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində daha çox körpü qurmağa kömək edir. Bu səbəbdən, bizim qonşu ölkələrlə ənənəvi əlaqələrimiz regional təhlükəsizliyi təmin edir", - dövlət başçısı qeyd edilib.