Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu gün səhər saatlarında Yeni Zelandiyanın Kraystçerç şəhərində onlarla insanın qətli və yaralanması ilə nəticələnən iki məscidə silahlı hücumu pisləyən bəyanat yayıb.
Teleqraf.com-a daxil olan bəyanatda deyilir:
“Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən məscidlərə hücum nəticəsində çoxsaylı insan tələfatının olması barədə xəbər bizi sarsıdıb.
Hesab edirik ki, bu dəhşətli hadisə təkcə məsciddə ibadət edən şəxslərə, müsəlmanlara deyil, bütün insanlığa qarşıdır. Biz insanlıq əleyhinə olan terrorun hər cürünü qətiyyətlə pisləyir, onu bəşəriyyətə qarşı qətiyyən yolverilməz hərəkət kimi qiymətləndiririk.
Kraystçerç şəhərində baş verən terror qurbanlarının xatirəsini hörmətlə yad edir, onların ailələrinə, yaxınlarına və bütün Yeni Zelandiya xalqına dərin hüznlə başsağlığı veririk. Yaralılara şəfa diləyir, yeni zelandiyalıların bu ağır faciənin nəticələrini tezliklə aradan qaldıracağına, terrorun günahkarlarının layiqincə cəzalandırılacağına inanırıq”.