“Cənubi Qafqaz coğrafi baxımdan Qərblə Şərq arasında bir qapını xatırladır. Dünyada gedən geosiyasi mübarizələrdə bu regionun tərəflərə qoşulmaması, münaqişəsiz, neytral, sabit bir zonaya çevrilməsi çox mühüm şərtlərdən biridir”.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəflər arasında ciddi fikir ayrılığı var. Yəni, Ermənistan və Azərbaycanın ayrı-ayrılıqda öz təkliflərində təkid etdiyi bir vaxtda münaqişənin həlli üçün ideal variant hansı sayıla bilər?
- Münaqişələrin həllində məsələyə tərəflərin təkidləri müstəvisindən yox, ona münaqişənin tarixi, mənşəyi, beynəlxalq hüququn tələbi, dövlətlərin sərhədlərinin toxunulmazlığı və onların ərazi bütövlüyün təmin olunması prizmasından yanaşmaq lazımdır. Ermənistan faktiki olaraq, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faiz ərazisini işğal edib. Bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi var. Ermənistan bir dövlət olaraq, beynəlxalq hüququn tələblərinə hörmətlə yanaşmalı, işğal etdiyi Azərbaycan Respublikasının ərazilərini qeyd-şərtsiz azad etməlidir. Mənim fikirimcə, münaqişənin həlli üçün ən ideal variant budur.
- Bəllidir ki, bu məsələdə Ermənistan rəhbərliyi təkbaşına hərəkət etmir, Rusiyanın ona təsir etdiyi də müzakirə mövzusudur. Konkret olaraq, Rusiyanın bu münaqişənin həlli qarşılığında istədiyi nədir?
- Ermənistan rəhbərliyi dünyanın nüfuzlu, aparıcı dövlətlərinin himayəsi və dəstəyindən istifadə edərək, işğal aktına qanuni don geyindirməyə çalışır. Lakin Azərbaycanın beynəlxalq aləmdə olan güclü mövqeyi ilə qarşılaşdığından bu istəyinə nail ola bilmir. Heç kim üçün sirr deyil ki, Rusiya Ermənistana dəstək verən dövlətlərin sırasında həmişə öncüllərdən olub. Bu gün Ermənistanın yeni rəhbərliyinin apardığı qərbyönümlü siyasət, artıq Rusiya hakim dairələrini dərindən düşünməyə vadar edib. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Rusiya münaqişənin həllində əvvəlki illərdən fərqli olaraq, daha maraqlıdır və məqsədi də regionda sabitliyin tam bərpasıdır.
- ABŞ faktorunu da nəzərdən qaçırmaq olmaz. Düzdür, Amerika prezidentinin müşaviri Con Boltonun səfərindən sonra belə bir təəssürat yarandı ki, ABŞ da həll prosesində fəallaşıb. Amma görünən budur ki, Ukrayna, Gürcüstan və Suriya qədər bu məsələdə o qədər maraqlı görünmür. Bunu nə ilə izah etmək olar?
- Ümumiyyətlə, Amerika Birləşmiş Ştatları hər hansı münaqişənin həllində heç vaxt maraqlı olmayıb, əksinə münaqişələrin dərinləşməsində katalizator rolunu oynayıb və öz strateji məqsədlərinə xidmət edib. Bu, ABŞ-ın mövcudluğu dövründən bu günə kimi apardığı dövlət siyasətidir. Burada, vaxtilə ABŞ -ın dövlət katibi işləmiş Henri Kissincerin bir kəlamı tamamilə yerinə düşür. O deyirdi ki, “Birləşmiş Ştatların düşməni olmaq çox təhlükəli, dostu olmaq isə zəmanətli ölümdür”.
ABŞ-ın apardığı siyasət imperializm siyasətidir - parçala və hökm elə. Demokratiya pərdəsi altında müstəqil, suveren dövlətlərin daxili işlərinə kobud surətdə müdaxilə edən bir dövlətin hər hansı problemin həllində maraqlı olması real görünmür və bunun izahına da ehtiyac yoxdur. Dağlıq Qarabağ münaqişəsinin həllini başqa meridianda axtarmaq lazımdır.
- Bəs, niyə qonşu Gürcüstan İran, Rusiya və Ermənistan arasında qurulması ehtimal olunan formata meyilləndi? Qeyd edək ki, apreldə Tehranda dördtərəfli görüş keçiriləcək. Yəni, Avaropa İttifaqına, NATO-ya inteqrasiya etdiyi deyilən bir ölkənin buna əks bir formata meyillənməsi bir qədər qəribə görünür…
- Gürcüstanı uzun illər Rusiyaya qarşı silah kimi istifadə edən Avropa İttifaqı son nəticədə gürcü xalqına verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi. Görünür ki, Gürcüstan rəhbərliyi düşdükləri real şəraitdən nəticə çıxardaraq, ölkələri üçün iqtisadi cəhətdən daha sərfəli olan lahiyələrdə iştirak etməyə qərar verib. Dövlətin iqtisadi cəhətdən möhkəmlənməsi, xalqın maddi-rifah halının yaxşılaşdırılması üçün aparılan siyasət təbiidir və təqdirəlayiqdir.
- Rauf müəllim, ümumiyyətlə, Qərb və Rusiya arasında gedən qlobal geosiyasi mübarizədə Cənubi Qafqaz hansı nöqtədə dayanır?
- Cənubi Qafqaz coğrafi baxımdan Qərblə Şərq arasında bir qapını xatırladır. Dünyada gedən geosiyasi mübarizələrdə bu regionun tərəflərə qoşulmaması, münaqişəsiz, neytral, sabit bir zonaya çevrilməsi çox mühüm şərtlərdən biridir.