19 Mart 17:36
1 004

Nursultan Nazarbayev prezident postundan istefa versə də, Təhlükəsizlik Şurasının rəhbəri postunda qalır.

Teleqraf.com xəbər verir ki, şura ötən il öz sıralarını genişləndirib.

Nursultan Nazarbayev Konstitusiya Şurasının və hakim Nur-Otan partsiyasının da sədridir.

***

17:22

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev vəzifəsindən getdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə N.Nazarbayev özü xalqa müraciətində deyib.

"Mən prezident kimi öz səlahiyyətlərimi başa çatdırmaqla bağlı qərar vermişəm. Bu il mənim ali posta rəhbərlik etməyimin 30 ili tamam olur. Mən müstəqil Qazaxıstanın ilk prezidenti olmaqdan böyük iftixar hissi keçirirəm", - deyə o müraciətində bildirib.

Prezidentin səlahiyyətləri parlamentin yuxarı palatasının - Senatın rəhbəri Qasımcomərd Tokayevə keçib.

Nursultan Nazarbayov 1990-cı ildən Qazaxıstana rəhbərlik edirdi.

Nursultan Nazarbayev 6 iyul 1940 tarixində Qazaxıstanda doğulub. 1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxuyub, "Kazmetalurqstroy" trestində fəhlə işləyib.

1960-1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirib, iqtisad elmləri doktorudur.

1969-1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışıb.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirib. 1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub. 1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilib.

24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilib.

1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilib. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılıb.

10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilmişdir. 4 dekabr 2005-ci ildə seçkilərdə 91.15% səs toplayaraq təkrar prezident olub.

Evlidir, üç qızı var. Tennis və xalq musiqisinə maraq göstərir.


Müəllif: Səxavət